DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN 11 SENTYABRLA BAĞLI SƏNƏDLƏRIN MƏXFILIYINI AÇMAĞI TAPŞIRIB

“11 sentyabr hadisələrinin 20-ci ildönümü ərəfəsində Amerika xalqı bu hücumlar haqqında daha dolğun bir təsəvvürə sahib olmağa layiqdir”. “Report”  agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Bayden bəyan edib.

Prezidentin sözlərinə görə, ABŞ hökumətinin maksimum şəffaflığı qoruyub saxlaması və yalnız bəzi hallarda məxfiliyi qoruması vacibdir.

Bununla yanaşı, Cozef Bayden baş prokuror Merrik Qarlanda 11 sentyabr 2001-ci il hücumları ilə əlaqədar gizli sənədləri altı ay ərzində yayımlamağı tapşırıb.

Xatırladaq ki, 11 sentyabr hadisələrinin 20-ci ildönümü ərəfəsində istintaq materiallarından məxfilik elementlərinin çıxarılması Cozef Baydenin seçki vədlərindən biri idi.

 

“TALIBAN” PƏNCŞIRIN INZIBATI MƏRKƏZINƏ HÜCUMA BAŞLAYIB

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı müqavimət qüvvələrinin cəmləşdiyi Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhərinə hücuma keçib. Bu barədə “APA” Rusiyanın “TASS” agentliyinə istinadən məlumat yayıb.

“Hazırda taliblər üç istiqamətdən Pəncşirin paytaxtı Bazaraka hücuma başlayıblar. Onlar Bazaraka doğru irəliləyirlər”, - deyə açıqlamada bildirilir.

Bildirilir ki, “Taliban” bundan öncə müqavimət qüvvələrinin cəmləşdiyi Pəncşir əyalətinin Henc, Pariyan, Şotul və Annaba rayonlarını ələ keçirdiyini açıqlamışdı.

Sentyabrın 3-də isə “Röyters” agentliyi “Taliban”dakı mənbələrə istinadən hərəkatın Pəncşir əyalətinə nəzarəti tam ələ keçirdiyi barədə xəbər yaymışdı. Lakin “TASS” agentliyinin bölgədəki mənbəsi milli müqavimət qüvvələrinin bu informasiyanı təkzib etdiyini bildirmişdi.

 

UKRAYNA VƏ ABŞ ARASINDA MEMORANDUM IMZALANIB

Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında memorandum imzalanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin ofisi məlumat verib.

“Ukrayna prezidentinin ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra vacib sənədlər, xüsusən də Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb”, - deyə məlumatda bildirilir.

Memorandumu Ukraynanın baş nazirinin birinci müavini, iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı naziri Oleksi Lyubçenko və ABŞ-ın ticarət naziri Qina Raimondo imzalayıblar.

Sənədə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.

 

RUSIYADA ƏCNƏBILƏRƏ XÜSUSI ÇIPLI KARTLAR TƏQDIM OLUNACAQ

Rusiyanın Daxili İşlər Nazirliyində əmək miqrantlarını və ölkəyə 90 gündən artıq müddətə gəlmiş şəxsləri onların şəxsi məlumatları, fotoşəkli və barmaq izlərinin əks olunduğu çipli plastik kart almağa məcbur edəcək əmr layihəsi hazırlanıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, sənəd cari il dekabr ayının  29-da qüvvəyə minəcək.

Məlumata əsasən, kartların ikitərəfli olması nəzərdə tutulur. Kartın ön tərəfində sahibinin fotoşəkli, əcnəbi şəxsin soyadı, adı və atasının adı, cinsi və təvəllüdü qeyd olunacaq.

Arxa tərəfdə isə kart sahibinin vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatlar, habelə şəxsi məlumatların olduğu çip yerləşdiriləcək. Sənəddə həmçinin əlin iki barmağının papilyar xətlərinin təsviri də olacaq.

 

KIM ÇEN IN PEYVƏNDLƏMƏ PROQRAMINDAN IMTINA EDIB

Koreya Xalq Demokratik Respublikasının  lideri Kim Çen In BMT-nin dəstəklədiyi peyvənd proqramı çərçivəsində təklif olunan bəzi xarici koronavirus peyvəndlərindən imtina edib. Bu barədə “APA” məlumat yayıb.

Bildirilir ki, Koreya İşçi Partiyası Siyasi Bürosunun iclasında Şimali Koreya lideri virusların qarşısının alınması və tibb işçilərinin ixtisaslarının artırılması üçün maddi və texniki vasitələrə ehtiyac olduğunu qeyd edib.

Xatırladaq ki, bir müddət öncə KXDR 3 milyona yaxın “COVID-19” peyvəndindən imtina edib. Şimali Koreya səlahiyyətliləri ölkəyə təklif olunan bu dozaların başqa yerə yönləndirilməsini istəyib.

Qeyd edək ki, 2020-ci ilin sonunda rəsmi Pxenyanın aşağı gəlirli ölkələrə peyvənd tədarük edən beynəlxalq “COVAX” proqramına qoşulmaqda maraqlı olduğu bildirib.

 

ABŞ TƏXLIYƏ ETDIYI 30 MIN ƏFQANLA BAĞLI ARAŞDIRMAYA BAŞLADI

ABŞ hakimiyyəti Əfqanıstandan təxliyə edilən əfqanların arasında ən azı 100 nəfərin terrorçularla əlaqəli olacağından və bu şəxslərin ölkə üçün ciddi təhlükə yarada biləcəyindən ehtiyat edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Bildirilir ki, hökumət təhlükəli insanların ABŞ-da olmasının qarşısını almaq üçün bütün tədbirləri görür. Belə ki, ABŞ-a təxliyə edilən 30 minə yaxın Əfqanıstan vətəndaşından təxminən 10 min nəfəri əlavə yoxlamalara məruz qalıb.

Bu yoxlamalar nəticəsində 100 nəfərin terror qrupları və ya “Taliban”la əlaqəsi səbəbindən potensial təhlükə yaradan şəxs olduğu müəyyən edilib.

 

KORONAVIRUS ILK DƏFƏ 21 MIN IL ÖNCƏ YAYILIB

Oksford Universitetinin virusoloqları koronavirusların bir alt növü olan sarbekovirusların on minlərlə il öncə epidemiyalara səbəb olduğunu müəyyən ediblər. “Report”un verdiyi xəbərə görə, bu barədə “Current Biology” jurnalında məqalə dərc olunub.

Belə ki, “SARS-CoV-2” və “SARS-CoV-1”in 21 min il bundan əvvəl mövcud olduğu ortaya çıxıb ki, bu da əvvəlki təxminlərdən 30 dəfə çoxdur. Həm də bu məlumatlar qədim insanların genom məlumatlarının analizinin nəticələrinə uyğundur - təxminən 21 min il əvvəl insanlar artıq koronavirus epidemiyasından əziyyət çəkirdilər.

Məqalə müəllifləri digər viruslardakı təkamül dəyişikliklərini yenidən müəyyən edə biləcəklərinə ümid edirlər.

 

DÜNYADA AĞACLARIN ÜÇDƏ BIRI MƏHVOLMA TƏHLÜKƏSI ILƏ ÜZ-ÜZƏDİR

Kənd təsərrüfatı, heyvandarlıq, oduncaq tədarükü ucbatından dünyadakı ağacların üçdə biri məhvolma təhlükəsi ilə üz-üzə qalıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Botanika Bağlarını Mühafizə Təşkilatının  saytında dərc olunmuş hesabatda bildirilir.

“Son beş ildə ağacların beynəlxalq səviyyədə araşdırılması çərçivəsində məhvolma riski barədə informasiyaların toplanması məqsədilə dünya üzrə 58497 ağac növü analiz olunub. İndi biz bilirik ki, 30 faiz ağac növü məhvolma təhlükəsi altındadır və vəhşi təbiətdə nəsli kəsilmiş kimi qeydə alınan ən azı 142 ağac növü var”, - deyə təşkilatın hesabatında vurğulanır.

Eyni zamanda, hesabatda o da qeyd olunur ki, ağaclar üçün əsas təhlükə kənd təsərrüfatı fəaliyyəti, meşələrin qırılması, heyvandarlıq, yanğınlar, zərərvericilərin kütləvi şəkildə yayılması və iqlim dəyişiklikləridir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.