RUSİYA VƏ UKRAYNA AFRİKA MİSSİYASINA RAZILIQ VERİB
Yaxın həftələr ərzində Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün Afrika ölkələrinin liderlərinin Moskva və Kiyevə səfəri planlaşdırılır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor bildirib.
Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa qeyd edib ki, Rusiya və Ukrayna hakimiyyətləri münaqişənin sülh yolu ilə həllini tapmaq üçün Afrika ölkələrindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıblar. Nümayəndə heyəti altı Afrika ölkəsini təmsil edir: Misir, Zambiya, Konqo Respublikası, Seneqal, Uqanda və Cənubi Afrika.
“Son iki həftə ərzində Ukraynadakı böhrana sülh yolu ilə son qoymaq üçün Afrika ölkələrinin missiyasını hazırlamaq üçün intensiv iş aparıldığını və yaxın həftələrdə Moskva və Kiyevə səfərin baş tutacağını bildirib”, - deyə Naledi Pandor vurğulayıb.
Nazir əlavə edib ki, Moskva və Kiyevə getməyə hazır olan nümayəndə heyəti altı Afrika ölkəsinin prezidentindən ibarətdir.
ENTONİ BLİNKENDƏN ÇİNLƏ BAĞLI AÇIQLAMA
ABŞ Çinlə münaqişə və ya “soyuq müharibə” istəmir. “Röyters” agentliyinin xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı bəyan edib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Çinə öz hərəkətlərini diktə edə və ölkənin siyasi trayektoriyasını müəyyən edə bilməz, lakin öz baxışını təbliğ etmək və rəqabət aparmaq hüququna malikdir.
Qeyd edilir ki, bu ərəfədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ-ın Rusiya və Çin arasında müttəfiqlik barədə bəyanatlarını “köhnəlmiş blok düşüncəsi” adlandırıb.
Eyni zamanda, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyans Çin üçün hərbi planlar hazırlamır, əsas diqqəti Rusiya və bir sıra terrorçu qruplarla qarşıdurmaya yönəldir. Bauer həmçinin əlavə edib ki, bir sıra NATO ölkələri Çin üçün belə planlar hazırlayır, lakin bu, NATO-nun ümumi hərbi səylərinin bir hissəsi deyil.
NİKOL PAŞİNYANIN OĞLUNU OĞURLAMAĞA CƏHD edilib
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın mayın 17-də oğurlanmasına cəhd olunub. Bu barədə “Report” agentliyi Ermənistan mətbuatına istinadən məlumat yayıb.
Verilən xəbərə görə, Aşot Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir. Onlar hökumət başçısının oğlunu zorla maşına mindirərək “Erablur” məzarlığına apardıqlarını bildiriblər. Nəqliyyat vasitəsi hərəkətdə olarkən yaranmış vəziyyətdən istifadə edən Aşot Paşinyan avtomobildən düşərək qaçmağa çalışıb. Bu zaman onu digər avtomobil vuraraq yaralayıb.
Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib. Onu qaçırmağa cəhd edənlərin isə artıq saxlanıldığı qeyd olunur.
Qeyd edək ki, “Oğulların çağırışı” ictimai birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rüstəmyan rəhbərlik edir. “Oğulların çağırışı” ictimai birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.
SUDANDA ŞİDDƏTLİ QARŞIDURMALAR SƏNGİMİR
Sudanda paytaxt və ətraf şəhərlərdə ordu ilə xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar davam edir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, ordu qüvvələri paytaxt Xartum, Bəhri və Umdurmandakı xüsusi təyinatlıların məntəqələrinə hava zərbələri endiriblər. Bombardmandan sonra sözügedən şəhərlərdə şiddətli qarşıdurmalar başlayıb.
Sudan Həkimlər Komitəsi paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərindəki ölüm halları da daxil olmaqla, indiyədək 822 mülki vətəndaşın həyatını itirdiyini, 3215 nəfərin isə yaralandığını açıqlayıb.
Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə Bəyannaməsi” imzalanmışdı.
SİNAN OĞAN MİLLƏT İTTİFAQININ “MÜHASİRƏSİNƏ” DÜŞÜB
Türkiyədə mayın prezident seçkilərinin birinci turunda topladığı 5,17 faiz səslə ikinci turda əsas fiqur kimi diqqət mərkəzində olan ATA İttifaqının namizədi Sinan Oğan müxalifətin Millət İttifaqının “mühasirəsinə” düşüb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazıb.
Məlumata əsasən, bəzi təqaüddə olan hərbçilərin Sinan Oğanın yanına getdikləri və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun onunla birlikdə hərəkət etmək istədiyini, bunun müqabilində türk dünyasından məsul olan nazirlikdə və hökumətdə istədiyi vəzifəni təklif etdiyini bildiriblər.
Qəzet Kılıçdaroğlunun Oğanı nəyin bahasına olur-olsun Millət İttifaqına cəlb etməkdə qərarlı olduğunu vurğulayıb.
Eyni zamanda, nəşr seçkilərin ilk turunda prezident Rəcəb Tayyib Ərdoğana böyük fərqlə məğlub olan Kılıçdaroğlunun dəstəyini almaq üçün Oğana istədiyi hər şeyi verməyə hazır olduğunu qeyd edib.
İddia olunur ki, Kılıçdaroğlu Sinan Oğana göndərdiyi vasitəçilərlə Ərdoğanın qələbəsinin qarşısını almaq üçün əlindən gələni edəcəyi təəssüratı yaratmağa çalışır.
baş nazir: UKRAYNAYA DƏYMİŞ ZİYANIN REYESTRİNİN YARADILMASI QƏRARA ALINIB
Avropa Şurasının Reykyavik sammitinin iştirakçıları Rusiyanın hücumu nəticəsində Ukraynaya dəymiş ziyanın reyestrinin yaradılması haqqında bəyannamə imzalayıblar. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Reykyavikdə Ukraynaya hücum nəticəsində dəymiş ziyanın reyestrinin yaradılması ilə bağlı siyasi bəyannamə imzaladıq. İndi reyestrin özünün işləməsini təmin etmək lazımdır ki, zərərçəkənlər öz ərizələrini verə bilsinlər”, - deyə baş nazir vurğulayıb.
Eyni zamanda, Denis Şmıqalın sözlərinə görə, beynəlxalq hüquq normalarına uyğun olaraq, Rusiyanın bütün dünyadakı aktivləri hesabına Ukraynaya təzminatın tam ödənilməsini təmin edəcək mexanizm də yaradılmalıdır.
BMT-nin “Qlobal iqtisadi vəziyyət və onun perspektivləri” adlı hesabatına əsasən, BVF-nin kreditlərinə və beynəlxalq maliyyə yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunluq yaşayır. Onun bərpasının dəyəri 411 milyard ABŞ dolları civarında qiymətləndirilir.
ABŞ RUSİYALI HAKERİN YERİNİ DEYƏNƏ 10 MİLYON DOLLAR VERƏCƏK
ABŞ Dövlət Departamenti ölkədə icra strukturları, şirkətlər və mühüm infrastruktur sahələrini hədəf alan bir çox hakerlik fəaliyyətində rol oynadığı səbəbiylə Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin yeri barədə məlumat verənlərə mükafat vəd edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Sözügedən mövzu ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller yazılı açıqlama verərək bildirib ki, Rusiya kibercinayətkarlar üçün təhlükəsiz sığınacaqdır və hakerlər ABŞ, onun tərəfdaşları və müttəfiqlərinə qarşı sərbəst şəkildə kiber əməliyyatlar aparır.
ABŞ Dövlət Departamentinin Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mükafat Proqramı çərçivəsində Mixail Matveyevin beynəlxalq mütəşəkkil cinayətkarlıqla əlaqədar saxlanılması və məhkum edilməsi üçün məlumat verənlərlərə 10 milyon dollara qədər mükafat təklif edilir.
Verilən xəbərə görə, Ədliyyə Nazirliyinin Vaşinqton və Nyu-Cersi ştatlarında iki məhkəmədə artıq M.Matveyevə qarşı iddia qaldırılıb. Rusiyalı haker ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.