DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

YAXIN ŞƏRQDƏ VƏZİYYƏTİN DAHA DA GƏRGİNLƏŞMƏ TƏHLÜKƏSİ

Qəzza zolağında İsrail-HƏMAS müharibəsi davam etdiyi bir vaxtda, Böyük Britaniyanın “The Guardian” nəşri yeni  savaş anonsu verib.

Nəşrin məlumata əsasən, İsrail ordusu Livanın cənubunda “Hizbullah” qruplaşmasına qarşı quru əməliyyatına başlaya bilər. Bildirilir ki, İsrail ordusu “Hizbullah” silahlılarını ölkə sərhədindən təxminən 20 kilometr uzaqlıqdakı Litana çayına doğru geri sıxışdırmağa çalışır. Buna səbəb İsrailin silahlıların hücuma keçə biləcəyi ilə bağlı narahatlığıdır.

Bununla yanaşı, nəşr İsraildə “Hizbullah”ın HƏMAS-dan daha böyük təhlükə olaraq qəbul edildiyini, İranın da mümkün müharibəyə qoşulacağını bildirib.

Məqalədə həmçinin İranın iştirak edə biləcəyi ehtimal edilən müharibənin ABŞ-da artıq müzakirə olunduğuna diqqət çəkilib və İsrail rəsmilərinin müharibəni qaçılmaz gördükləri vurğulanır.

Eyni zamanda, Yaxın Şərq İnstitutunun analitiki Randa Slim İran və “Hizbullah”ın mümkün qədər belə bir savaşdan yayındığını bildirib. Lakin onun sözlərinə görə, İsrail-Livan sərhədində yığılan gərginlik hər an “partlayış effekti” yarada bilər.

RUSİYA VƏ ÇİN ARASINDA MEMORANDUM İMZALANIB

Rusiya və Çin audit sistemlərin ekvivalentliyini tanıyan memorandum imzalayıb. “TASS” agentliyinin xəbərinə görə, sənədin imzalanması mərasimi Rusiyanın maliyyə naziri Anton Siluanovun Pekinə səfəri zamanı baş tutub.

Nazirin sözlərinə görə, bu memorandum Rusiya və Çin qanunvericiliyinin sinxronlaşdırılmasına imkan verməklə yanaşı, iki ölkənin sahibkarlarının işini asanlaşdıracaq.

Verilən xəbərə əsasən, A.Siluanov və Çinin maliyyə naziri Lan Foanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü üç saata yaxın davam edib.

Məlumat üçün qeyd edək ki, Rusiyanın baş naziri Mixail Mişustin dekabrın 19-20-də Pekində səfərdə olacaq. O, Rusiya və Çin baş nazirlərinin 28-ci növbəti görüşü fonunda Çinin rəhbəri Si Cinpin və Dövlət Şurasının baş naziri Li Tszyanla görüşəcək.

ALMANİYADA MƏCBURİ HƏRBİ ÇAĞIRIŞ BƏRPA OLUNA BİLƏR

Almaniyada ordu sıralarına məcburi çağırış bərpa oluna bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius “Welt” nəşrinə müsahibəsində bəyan edib.

Nazirin sözlərinə görə, ölkədə İsveç nümunəsi olan hərbi xidmətə çağırış sistemi tətbiq edilməlidir. Belə ki, İsveçdə 2017-ci ildən bütün oğlan və qızlar hərbi xidmətə cəlb olunurlar. Onlar hərbi komissiya tərəfindən xidmətə hazır olduqlarını müəyyən etmək üçün yoxlanılır, lakin kiçik bir hissəsi hərbi xidmətə çağırılır.

Nəşr bildirir ki, hazırda Almaniyada hərbi xidmət tamamilə könüllüdür. Bundan əlavə, 1949-cu il qanununa əsasən, qadınlar hərbi xidmətdən azaddırlar.

“İsveç modeli bu qaydaların dəyişdirilməsi demək olardı. Alman hərbi ekspertləri bu təşəbbüsü alqışlayır və hesab edirlər ki, bu, Bundesverə kadr böhranını aradan qaldırmağa imkan verəcək”. - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, Almaniyada 2011-ci ildə məcburi hərbi xidmət ləğv edilib. Bu, Bundesver üçün kəskin kadr çatışmazlığına səbəb olub və Müdafiə Nazirliyi peşəkarlardan ibarət ordu qurmaq məcburiyyətində qalıb.

AVROPA KOMİSSİYASI “X”LA BAĞLI RƏSMİ ARAŞDIRMA BAŞLADIB

Avropa Komissiyası “X” sosial şəbəkəsinə (“Twitter”) qarşı qeyri-leqal məzmunun silinməsi, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa normalarının pozulması ittihamı ilə bağlı rəsmi araşdırmaya başlayıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə qurumun daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton  məlumat verib.

“Biz artıq “X” şəbəkəsi əleyhinə pozuntuların aradan qaldırılması üzrə rəsmi prosedurları işə salmışıq. Şübhə yaradan məsələlər qeyri-leqal məzmunun və dezinformasiyanın silinməsi, şəffaflıqla bağlı öhdəliklərin pozulması, istifadəçilərdə çaşqınlıq yaradan interfeysin işlənib hazırlanması ilə əlaqədardır”, - deyə komissar vurğulayıb.

Eyni zamanda, Tyerri Bretonun sözlərinə görə, bu, xüsusi olaraq messencerlərin və sosial şəbəkələrin məzmununu tənzimləyən Avropa Rəqəmsal Xidmətlər Aktı çərçivəsində həyata keçirilən ilk araşdırmadır.

Aktın normalarına əsasən, “X” sosial şəbəkəsi ümumi mənfəətinin 6 faizi məbləğində cərimələnə bilər. Platforma Avropa Komissiyasının tələblərini yerinə yetirməkdən imtina edərsə, onun Avropa İttifaqı ölkələrində bloklanması qaçılmaz olacaq.

TÜRKİYƏ LİDERİNDƏN VİKTOR ORBANA “TOGG” HƏDİYYƏ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi təmaslar üçün gəldiyi paytaxt Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. “TRT” telekanalının verdiyi xəbərə görə, səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan macar həmkarı Katalin Novak ilə Şandor sarayında görüşdükdən sonra Karmelita monastırına yollanıb.

Məlumata əsasən, Ərdoğan onu burada qarşılayan baş nazir Viktor Orbana Türkiyənin yerli və milli istehsalı olan qara rəngli “Togg” elektromobili hədiyyə edib.

Bildirilir ki, Türkiyə lideri iki ölkə əlaqələrinin 100-cü ildönümü üçün xüsusi olaraq hazırlanmış “HU TR-100” nömrəli “Togg”u idarə edən baş nazir Orbana nəqliyat vasitəsi haqqında məlumat verib. Viktor Orban isə öz növbəsində Rəcəb Tayyib Ərdoğana macar atı hədiyyə edib.

Qeyd edək ki, səfərin əsas məqsədi ikitərəfli əməkdaşlıq və iqtisadi münasibətlərin müzakirəsi, o cümlədən, iki ölkə arasında ticarətin həcminin artırılaraq 6 milyard dollara çatdırılmasını nəzərdə tutan strategiyanın hazırlanması təşkil edir.

MOLDOVA PARLAMENTİ DAHA İKİ SAZİŞİ DENONSASİYA EDİB

Moldova parlamenti MDB çərçivəsində daha iki sazişi - hərbi müşahidəçilər, kollektiv sülhməramlı qüvvələr və terrorizmlə mübarizə strukturlarına dəstək haqqında müqavilələri denonsasiya edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, ilin əvvəlindən Moldova parlamenti MDB çərçivəsində 22 sazişi ləğv edib.

Birinci sənədin denonsasiyası Moldova Müdafiə Nazirliyi tərəfindən təklif olunub. Layihənin məlumat qeydində bildirilir ki, Moldova MDB üzvü kimi bu birlik çərçivəsində hərbi-siyasi sahədə qarşılıqlı fəaliyyət göstərmədiyi üçün rəsmi Kişinyovun bu sazişlərə əməl etməsi yersizdir. İkinci təşəbbüs son illərdə bu sənədin müddəalarından istifadə etmədiyini qeyd edən İnformasiya və Təhlükəsizlik Xidmətinə məxsusdur.

Xatırladaq ki, ötən ildən Moldova hökuməti MDB ilə bir sıra sazişlərin denonsasiya edilməsini gündəmdə saxlayır. Hökumət MDB ilə bütün müqavilələri təhlil etmək və effektli olmayan sazişləri ləğv etmək niyyətindədir.

“QAZPROM” ŞIRKƏTİNDƏN ÇİNƏ REKORD HƏCMDƏ QAZ TƏDARÜKÜ

Rusiyanın “Qazprom” enerji konserni dekabrın 16-da “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Verilən xəbərə əsasən, tədarükün gündəlik həcmi Çinin “CNPC” şirkəti ilə razılaşdırılmış müqavilə öhdəliklərini üstələyib.

Açıqlamaya görə, “Qazprom” Çin tərəfinin tələbini tam yerinə yetirib və bununla da ÇXR-ə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atılıb.

Qeyd edək ki, hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. İxrac 2019-cu ilin dekabrında başlayıb.

Məlumata görə, yanacağın həcmini artırmaqla bağlı qərar Çin istehlakçılarının artan tələbini ödəmək üçün qəbul edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.