Azərbaycan-Albaniya əməkdaşlığı möhkəm təməllər üzərində qurulub
Digər xəbərlər

Azərbaycan-Albaniya əməkdaşlığı möhkəm təməllər üzərində qurulub

Azərbaycanın yüksək səviyyədə tərəfdaşlıq əlaqələri qurduğu ölkələrdən biri də Albaniya Respublikasıdır. Balkan yarımadasının cənub-qərbində yerləşən ölkənin paytaxtı Tirana şəhəridir. Monteneqro, Kosovo, Şimali Makedoniya və cənubdan Yunanıstanla sərhəddə yerləşir. Müxtəlif vaxtlarda illiriyalılar, frakialılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı Albaniya 28 noyabr 1912-ci ildə müstəqilliyini elan edib.

Albaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı, həmçinin yüksək səviyyəli siyasi dialoqun qurulması əməkdaşlığın genişlənməsi üçün zəmin yaradıb. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu barədə qeyd edib: "Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq". Tərəflər arasında önəmli regional məsələlər ətrafında məsləhətləşmələrin davam etməsi ölkələr tərəfindən məmnunluqla qarşılanır. BMT Təhlükəsizlik Şurasına sədrliyin Albaniyaya keçməsi məhz bu cəhətdən böyük önəm daşıyır. Sentyabrın 1-dən 30-dək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) Albaniya sədrlik edəcək. Avqustun 17-də BMT-də Ermənistanın Laçın yolunun blokadada olması yalanları və bu əsasda təşkil olunan müzakirələrdə Fransa və Maltadan ermənilərə dəstək gəlib. Lakin bu məsələdə Rusiya, Türkiyə, Braziliya və Albaniya Azərbaycan tərəfdə mövqe tutub. Ermənilərin böhtanlarına Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev tutarlı cavab verib. O, Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərin guya qida çatışmazlığı, humanitar fəlakətlə üzləşdikləri barədə iddialarını rədd edib, sosial şəbəkələrdə Qarabağ ermənilərinin toy, ad günləri keçirdiyinə dair yüzlərlə videomateriallar olduğunu bildirib. Və bu məqamda da Albaniyanın ölkəmiz tərəfdən çıxış etməsi, Azərbaycanın uğurlu siyasətinin göstəricisidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var". Albaniya Prezidenti isə deyib ki: "Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib".

Diqqətəlayiq məqamlardan biri də, İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəkdir.

Azərbaycanla Albaniya arasında siyasi əlaqələrin daha da möhkəmlənməsi belə bir inam yaradır ki, inkişaf edəcək, ticari, enerji, iqtisadi və digər sahələrdə əməkdaşlıq genişlənəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".