Azərbaycana qarşı əsassız ittihamlar
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar

ABŞ Dövlət departamenti növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi

Amerika Birləşmiş Ştatlarının Dövlət departamenti hər il dünyada insan haqları, dini azadlıqlar və s. kimi məsələlərə dair hesabatlar dərc edir. Bu hesabatların hazırlanması zamanı istifadə olunan mənbələrin mötəbərliliyi və yekun sənədlərin obyektivliyi çoxdandır ki, ciddi müzakirə mövzusudur. Hesabatlarda adətən eyni ölkələr hədəfə alınır, digərləri isə müəyyən səbəblərdən “qınaqdan” kənarda qalır. Məsələn, dini azadlıqlarla bağlı hesabatlarda Azərbaycana dair səslənən həqiqətdən uzaq iddialar fonunda Ermənistanla bağlı iddialar öz əksini tapmır. Vaxtilə Ermənistan tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün dini və mədəni irsin, qəbristanlıqların dağıdılması faktları ABŞ tərəfindən göz ardı edilir. Digər tərəfdən, ABŞ-ın özündə vətəndaşların təhlükəsizliyi və ya dini azadlıqlarla bağlı kiçik bir araşdırma ABŞ-ın daxili siyasət reallıqlarının narahatedici tendensiyalarının mövcudluğunu aşkara çıxarır. Üstəlik, aydın olur ki, ölkə daxilindəki vəziyyətə dair hesabatların hazırlanması zamanı bilərəkdən və ya “diqqətsizlikdən” ciddi nöqsanlara yol verilir.

ABŞ Dövlət departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hazırladığı builki hesabatında da həmişəki kimi Azərbaycana aid hissəsində qərbin ikili standartı, qərəzi, hadisələrə siyasi don geyindirməsi müşahidə edilir. Belə ki, hesabatın bu hissəsində dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib. Dövlət departamenti bu qərarı Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının (USCIRF) hesabatı əsasında qəbul edib. Ən əsası, hesabatın ermənilər tərəfindən tərtib olunması diqqəti cəlb edən mühüm məqamdır. Bu hesabat Daniela Aşbaxyanın rəhbərlik etdiyi Dövlət Komissiyası tərəfindən hazırlanıb. Qeyd etmək lazımdır ki, bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Foreign influence laws-ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri-qanunidir. Hesabatı nəzərdən keçirərkən sanki ABŞ Dövlət Komissiyasının hesabatını deyil, Poqosyan və ya Abovyan kimi hansısa erməni millətçisinin cəfəngiyyatını oxuyursan.

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən ölkəmiz bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür. Ancaq bütün bunlar ABŞ tərəfindən görməzdən gəlinib, qeydə alınmayıb. Qeyd edək ki, sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror əməliyyatı ilə əlaqədar ABŞ Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına daxil edib. ABŞ-da 12 ölkəni (Çin, Kuba, Eritreya, İran, Myanma, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan) qara siyahıya salan dini azadlıqlar indeksi var. Beləliklə, dövlət katibi A.Blinken 1991-ci ildən 2020-ci ilə qədər işğal olunmuş ərazilərdə 60-dan çox məscidi dağıdan və təhqir edən Ermənistanı görməzdən gələrək, Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntusuna yol verən ölkələrin olduğu xüsusi siyahıya potensial namizəd kimi əlavə etmək qərarına gəlib. Ermənistandan fərqli olaraq ənənəvi prinsiplərə sadiqlik nümayiş etdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bütün tarixi abidələrə hörmətlə yanaşaraq onları bərpa edir, abadlaşdırır. Anoloji nümunələrin siyahısını istənilən qədər uzatmaq olar. Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, "Abzas" media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. Hesabat Qubad İbadoğlunun qondarma həbsi, 202 siyasi məhbus, Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişədə Ermənistana qarşı hərbi cinayətlər törətməkdə davam etməsi ilə bağlı iddia və s. kimi dini azadlıqlarla heç bir əlaqəsi olmayan əsassız tezislərlə doludur.

ABŞ Dövlət departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Bayden administrasiyası bu qərarı ilə, Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən artıq kənarda qalan ermənipərəst Fransanı əvəz edir. Bu, bir daha onu göstərir ki, ABŞ hansısa bir qrup erməninin dili ilə danışır. Bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan məhz ABŞ-dır. Bu ölkədə dini və irqi ayrı-seçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. ABŞ Dövlət departamentinin hazırladığı hesabatda Azərbaycanda dini azadlıqlarla bağlı vəziyyəti məqsədli şəkildə təhrif etməsi, reallığa və situasiyaya uyğun olmayan hansısa məsələlərin qeyd edilməsi bu qurumun ədalətsiz və qeyri-səmimi siyasətindən əl çəkmədiyini nümayiş etdirir. Ermənilər tərəfindən indiyə qədər Azərbaycanın mədəni-dini abidələrinə qarşı həyata keçirilmiş vandallıqlara heç bir müsbət reaksiya verməyən ABŞ-ın ölkəmizdə dini azadlıqlarla bağlı bəzi dairələrin verdiyi saxta məlumatlar əsasında məqsədli şəkildə hazırladığı yalançı hesabatlar bu ölkənin xarici siyasətinin hansı səviyyədə olduğunu göstərir. O`Brayn Senatda açıq şəkildə Ermənistanın xeyrinə ABŞ-ın maraqlarını tapdalayandan sonra erməni lobbisi bu ölkənin xarici siyasətini açıq şəkildə özbaşına  müəyyənləşdirir. FTB Xarici Təsir İşçi Qrupu isə ənənəvi olaraq sadəcə oturub “donuts” yeyirlər.

Bu hesabat da Azərbaycan hakimiyyətinin ölkədə dini siyasətinin diskreditə edilməsinə yönəldilib. Digər tərəfdən, Azərbaycanda dini vəziyyət, tolerantlıq və dözümlülük haqqında mötəbər qurumların bəyanatları ilə daban-dabana ziddir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin əsas hədəfi cəmiyyətdə dini, milli həmrəylik, dözümlülükdür. Ölkəmizin min illik tarixinə söykənən bu tolerantlıq prinsipləri bütün dünya üçün bir nümunə sayılır və daim təqdir edilir. Odur ki, bu tipli cızmaqaraları ciddi hesab etməyən Azərbaycan dövlətinin bundan sonra da öz dəst-xəttini milli maraqlara uyğun davam etdirəcəyinə də heç bir şübhə yoxdur.

Mustafa KAMAL,

“Respublika”.