COP29 Təşkilat Komitəsində qadınlar da təmsil olunur
Siyasət

COP29 Təşkilat Komitəsində qadınlar da təmsil olunur

COP29 Azərbaycanda təşkil ediləcək ən böyük tədbir olacaq. Bu platformada qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək, ölkəmizə on minlərlə xarici qonaq gələcək.

Təbii ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif təbəqələrinin səfərbər olunması zəruridir. Buna görə, Prezidentin Sərəncamı ilə Təşkilat Komitəsinin (TK) tərkibi bir qədər də genişləndirilib. Mən də bu tərkibdə yer alıram. Bu yüksək səviyyəli etimada görə dövlət başımıza dərin minnətdarlığımı bildirirəm. Bu, həm də böyük məsuliyyətdir. Qeyd edim ki, mənimlə yanaşı, parlamentdən daha 3 qadın həmkarım, həmçinin digər qurumlardan qadınlar TK-də yer alıb. Faktiki olaraq həm də TK-də gender balansı tam təmin olunub, bu isə Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət və etimadının göstəricisidir.

Ekoloji məsələlərin həllində dünyada vətəndaş cəmiyyəti çox aktivdir, ona görə TK-yə həmin qurumun nümayəndələri də daxil edilib və bu işə onlar da töhfə verəcək. COP29-da müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, TK-də iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Ümumi əsas ideya TK-nin maksimum inklüzivliyin təmin edilməsidir.

Məlumdur ki, Bakıda COP29 konfransının keçirilməsi dövlətlərin və beynəlxalq təşkilatların razılığı ilə mümkün olub. Dövlət başçımızın da söylədiyi kimi, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Təsadüfi deyil ki, ötən ilin sonu, tədbirin keçirilməsinə 11 ay vaxt qalmış məhz ilk müşavirə cənab Prezidentin sədrliyi ilə keçirildi. Dərhal bütün hazırlıq işlərinə başlanılıb, bütün lazımi tapşırıqları verilib.

"Yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizdə enerji siyasətinin prioritetidir. COP29 vasitəsilə bu, bir daha dünyaya bəyan olunacaq. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmayan bu böyük tədbir ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı.