Ədalətə, beynəlxalq hüquqa söykənən müstəqil siyasət
Siyasət

Ədalətə, beynəlxalq hüquqa söykənən müstəqil siyasət

Ölkəmiz dərinləşən, çoxşaxəli və dinamik islahatları ilə yanaşı, həm də dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır

"Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi". Bu fikirləri "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışında bildirən Prezident İlham Əliyev  qeyd edib ki, biz ədalətli müharibə aparmışıq,  öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı heç kimə verən də deyilik: "Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu".

Prezident İlham Əliyevin hər bir çıxışı, müraciəti, yerli, yaxud xarici mətbuata müsahibələri Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarının və onların əsasında müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən "tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma" kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanması olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.

Ölkəmiz həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində istədiyinə nail olub. Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Ölkəmiz öz sözünü açıq şəkildə deyir, müstəqil siyasət aparır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, sözünün imzası qədər əhəmiyyətli olması özünü qabarıq şəkildə büruzə verir. Möhtəşəm Zəfərimizin yaratdığı reallıqları qəbul edən əksər güclər Qələbəni nəyin bahasına əldə etdiyimizi, hansı qüvvələrlə mübarizə apardığımızı yaxşı bilirlər. Prezident İlham Əliyevin bildirdiyi kimi, müharibə bitsə də, mübarizə hələ davam edir. Qələbələrimiz davam edir. Çünki haqq yolundayıq və həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü artırır. XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim edən Azərbaycan qlobal iqtisadi proseslərdə də yeni reallıqlar yaradıb, yeni iqtisadi münasibətlər və beynəlxalq iqtisadi çağırışlar mühiti formalaşdırıb. Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək, ordu potensialımızı gücləndirmək əsas hədəflərdəndir. Prezident İlham Əliyevin bütün çıxışlarında, müsahibələrində diqqət yönəldilən əsas məsələ tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsidir.

Bu gün müharibədən sonra yeni dövrün başladığını, Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimizin zaman olduğunu vurğulayan Prezident İlham Əliyevin sözlərinə görə, ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir.

Azərbaycan artıq postmüharibə dövründə bütün gücünü quruculuq, bərpa işlərinə, infrastruktur layihələrinin reallaşdırılmasına yönəldib. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlər də sürətlə davam etdirilir.  Böyük Qayıdış planına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Hazırda işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir, yeni yollar salınır, məktəblər, xəstəxanalar, uşaq bağçaları, ictimai-iaşə obyektləri tikilir, nəqliyyat-kommunikasiya xətləri yenidən bərpa edilir. Böyük Qayıdış çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailə köçürüləcək. İlkin mərhələdə kəndə 223 ailə qayıdıb. Avqustun 25-də 20 ailə - 88 nəfər doğma yurdlarına - Zabux kəndinə qovuşub.   Qeyd edək ki, bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. Böyük Qayıdış Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb. Böyük Qayıdış proqramı çərçivəsində indiyədək 1 855 nəfər məcburi köçkün doğma yurduna qovuşub. Belə ki, 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 234 ailə (904 nəfər) Laçın şəhərinə, 20 ailə (88 nəfər) Laçının Zabux kəndinə, 70 ailə (247 nəfər) isə Füzuli şəhərinə köçürülüb.

Qeyd edək ki, müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə bərpa və quruculuq işlərinə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Bərpa və yenidənqurma işlərində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarından ibarət olan ən müasir və innovativ texnologiyalardan istifadə olunur. İşğaldan azad olunmuş torpaqlarımız kifayət qədər böyük bir ərazini əhatə etdiyi üçün bu regionda iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual Dövlət Proqramı əsasında icra olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın  Qarabağa səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla yadda qalmaqdadır.

Dövlət başçısı Laçında bayram tədbirində deyib ki,  sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.

Mustafa KAMAL,

"Respublika".