Region

"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİNİN İNKİŞAFI" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS

Goranboyda "Heydər Əliyev İli" ilə bağlı silsilə tədbirlərin davamı olaraq, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Milli Məclisin deputatı Ağalar Vəliyevin, ümumtəhsil məktəbləri üzrə ali məktəbə daxil olan məzunların, əlaçı şagirdlərin, təhsildə fərqlənən müəllimlərin, valideynlərin və bir qrup ictimai fəalın birgə iştirakı ilə "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, tər gül dəstələri düzərək, böyük ehtiramla yad ediblər.

Sonra tədbir Dövlət Bayrağı Muzeyində davam etdirilib. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Ağalar Vəliyev bildiriblər ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu yenidən müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Xalqımız ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla anır.

Şagirdləri, məzunları, müəllimləri və valideynləri təbrik edənlər ümummilli liderimiz tərəfindən əsası qoyulan müasir Azərbaycan təhsilinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Tədbirdə əlaçı şagirdlərə, tələbə adını qazanmış məzunlara və təhsildə fərqlənən müəllimlərə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları və millət vəkili Ağalar Vəliyevin təşəbbüsü ilə qiymətli hədiyyələr təqdim edilib.

Zabit XƏLİLOV,

"Respublika".