Hünər və  mərdlik örnəyi
Sosial həyat

Hünər və  mərdlik örnəyi

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşında şəhid ya qazi oldular.

Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri Elmir Akifzadədir. Ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinə könüllü yollanan Elmirin 23 yaşı vardı...

Akifzadə Elmir Gündüz oğlu 1997-ci il sentyabrın 1- Masallı rayonunun Banbaşı kəndində dünyaya göz açıb. 2015-2016- illərdə hərbi xidmətdə olan Elmir sonra Rusiya Federasiyasının Kazan şəhərinə yollanıb. Elə həmin il burada ali təhsil ocaqlarından birinə qəbul olub. 2020-ci ilin iyul ayında işğalçı Ermənistan ordusunun cəbhə xəttində növbəti təxribatına hiddətlənərək, Tovuz döyüşlərində iştirak etmək üçün Kazan şəhərində təhsilini yarımçıq qoyub Azərbaycana qayıdır. İyul ayında Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə müraciət edərək müharibə olarsa könüllü döyüşə getmək istədiyini bildirir.

İki bacının bir qardaşı olan Elmir 23 yaşında şəhidlik zirvəsinə ucalır. Bacısı Çinarə Cəfərova: "Qardaşımın ömrü qısa oldu, amma o, bu ömrə çox şey sığdıraraq dünyadan getdi. Mənim üçün çox çətindir, amma onunla fəxr edirəm. Fəxr edirəm ki, belə bir qardaşım olub. Onunla qürur duyuram. Özümlə qürur duyuram ki, belə bir oğulun, belə bir igid qəhrəmanın bacısıyam".

Tarix yazan Ordumuzun sıralarına Elmir 2020-ci il sentyabrın 29-da qoşulub. Oktyabrın 7- Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Silahdaşı həmkəndlisi Samir Məmmədov deyir: "Sentyabrın 29-da Elmirlə birlikdə Ağcabədidə hərbi hissədə olduq. Elmir tezliklə döyüşə atılmaq, həmişə irəli getmək istəyirdi. Biz əmr gözləyirdik o əmr oktyabrın 7-si gəldi. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə girdik. Cəbrayılda vağzal istiqamətində hücuma keçmişdik. Düşmən xeyli itki verdi. Yanımıza düşən minomyot mərmisi nəticəsində Elmir şəhid oldu".

Prezident İlham Əliyevin sərəncamları ilə Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

M.MİRZƏ,

"Respublika".