Mina təhlükəsi davam edir
Digər xəbərlər

Mina təhlükəsi davam edir

Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsinin başa çatmasından üç ilə yaxın vaxt ötsə də, insanların həyatı üçün mina və partlamamış döyüş sursatları təhlükəsi hələ də davam edir. Mina sahələrinin partlamamış hərbi sursatlardan təmizlənməsi olduqca çətin və uzun vaxt tələb edən fəaliyyətdir.

Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda, bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, bərpa-quruculuq işlərinə mane olmaq üçün məqsədyönlü şəkildə həmin ərazilərə yüz minlərlə mina basdırılıb. Ermənistan işğal dövründə ilkin qiymətləndirmələrə görə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən üç ilə yaxın müddət ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu gün işğalçılar həmin ərazilərdən qovulsalar da, həlak olan və ya yaralanan şəxslərin də başına gələnlərdə məhz Ermənistan dövləti məsuliyyət daşıyır. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərini minalardan təmizləmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev sualları cavablandırarkən bu məsələyə bir daha aydınlıq gətirdi. Ölkə başçısı Misirdən olan Məcid Şalkinin minalarla bağlı sualına cavabında bildirdi ki, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir. Həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır: "...Təəssüflər olsun, bilməliyik ki, gələcəkdə də qurbanlar olacaqdır, ermənilərin bizə qarşı terroru davam edir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdanda çox ehtiyatlı olmalıdırlar. Mən buradan onlara müraciət edirəm ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir. Bu, ən böyük təhlükələrdən biridir. Təəssüf ki, bizi qarşıda uzun illər belə bir təhlükə gözləyir."

Müharibədən zərərçəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirilir. Əhalinin partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, o cümlədən fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.

Bu il iyulun 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 28, tank əleyhinə 15 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 227.23 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 23-29 iyul tarixlərində Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada, 7 tank əleyhinə mina, 160 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Həmçinin, 516,46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əzəli torpaqlarımızın minalardan təmizlənməsi bu ərazilərdə yeni həyatın tezliklə tam bərqərar olacağından xəbər verir.

Müşfiq MİRZƏ,

"Respublika".