Qanunvericilikdə yeni dəyişikliklər sərnişin və yükdaşımalarının tənzimlənməsini nəzərdə tutur
Digər xəbərlər

Qanunvericilikdə yeni dəyişikliklər sərnişin və yükdaşımalarının tənzimlənməsini nəzərdə tutur

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə bağlı çıxış edib.

12 iyun RİNN mətbuat xidmətindən bildirilir ki, nazir çıxışında cənab Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamət üzrə ölkəmizin nəqliyyat-logistika infrastrukturunda görülmüş işlər haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə son 20 il ərzində 20 min kilometrə yaxın yol çəkilib, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub, Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib.

Qurumların idarəedilməsinin effektivliyinin artırılması, institutsional islahatlar və infrastruktura yatırılan investisiyalarla yanaşı, çətinliklər və həlli yollarına dair axtarışlar tənzimləmədə olan boşluqları aşkarlamağa imkan yaradıb: “Bu çatışmazlıqlar əsas etibarilə şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımaları, avtovağzalların işinin təşkili və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində idi”.

Rəşad Nəbiyev əlavə edib ki, bu gün Milli Məclisə təqdim edilən təkliflər məhz sərnişin və yük daşımaları sahəsində müvafiq tənzimlənmənin təmin edilməsini nəzərdə tutur.

“Respublika”.