QARABAĞ VƏ ŞƏRQI ZƏNGƏZURDA “BÖYÜK QAYIDIŞ
Sosial həyat

QARABAĞ VƏ ŞƏRQI ZƏNGƏZURDA “BÖYÜK QAYIDIŞ" PROQRAMI UĞURLA ICRA OLUNUR

Birinci Qarabağ müharibəsində Ermənistan ordusu tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində 1 milyondan artıq azərbaycanlı 30 ilə yaxın qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunan ərazilərə külli miqdarda ziyan vuran ermənilər Azərbaycan mədəni irsinin yox edilməsi üçün vandalizm siyasəti həyata keçirmişlər.

Lakin 2020-ci ildə qüdrətli Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları düşmənə ağır zərbə vurdu və 44 günün sonunda Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atdı. İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı rayonları, eləcə də Hadrut, Suqovuşan və Şuşa şəhərləri işğaldan azad olundu. Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbə sayəsində soydaşlarımızın 30 illik yurd həsrətinə son qoyuldu və hazırda onların dədə-baba torpaqlarına geri dönüşünün təmin edilməsi dövlətin əsas prioritet istiqamətini təşkil edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Bu günədək "Böyük Qayıdış" proqramının uğurla icra olunması sayəsində 2000-dən çox məcburi köçkün işğaldan azad olunmuş ərazilərə köçürülüb. Sonuncu dəfə sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salındı. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən millət vəkili Rasim MusabƏyov bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda işlər "Böyük Qayıdış" layihəsinə əsasən ardıcıl şəkildə aparılır: "Biz indi Prezidentin təqdimatı ilə büdcəyə təzədən baxaraq əlavə vəsait ayırdıq. İnfrastruktur layihələrinin inşası çox sürətlə davam edir. Həmin ərazilərə ilk növbədə elektrik, su, qaz xətləri çəkilir. Həmçinin buna paralel olaraq minadan təmizləmə işləri də fasiləsiz həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda insanların yaşaması üçün yeni binalar, məktəblər tikilir.

Nəzərə almaq lazımdır ki, 30 il bu insanlar öz doğma torpaqlarından ayrı düşmüşlər. Bir çoxları dağ şəraitindən şəhərə köçmüşlər. Elə cavanlar var ki, heç o torpaqlarda yaşamayıblar. Ona görə də, onların geri qayıtması üçün ən müasir şərait yaradılmalıdır və bu xətlə bütün işlər davam edir. Bunun üçün də bərpa-yenidənqurma işlərinə 10 milyard manatdan çox vəsait istifadə olunacaq. Plana uyğun olaraq 2027-ci ilin sonuna kimi bu ərazilərə yüz min nəfərə yaxın əhali köçürülməlidir. Hazırda Kəlbəcərdə, Şuşada, Ağdamda, Füzulidə, Laçın və digər ərazilərdə bu işlər sürətlə davam edir. Əlavə vəsaitimiz olduğu halda yenidənqurma işləri daha geniş miqyasda həyata keçiriləcək".

Musa BAĞIRLI,

"Respublika".