Qərbi Azərbaycana Qayıdış əsas hədəfimizdir
Digər xəbərlər

Qərbi Azərbaycana Qayıdış əsas hədəfimizdir

XX əsrin bəlası - Deportasiya

İrəvan xanlığı, Qərbi Azərbaycanın Göyçə, Ağbaba, Zəngəzur, Vedi, Dərələyəz, Zəngibasar və digər ərazilər ayrı-ayrı illərdə erməni vandallarının təzyiqinə məruz qalmış, haylar müsəlmanların qanını axıtmaqdan həzz almış, yeri düşəndə rusların dəstəyinə arxalanmış, xaç qardaşları bir-birilərini müdafiə etmişlıər.

Ermənilərin heç vaxt zəngin dili olmamışdır. Hətta 100-dən artıq erməni aşığı şeirlərini Azərbaycan türkcəsində yazmış, bu dildə mahnılar oxumuşlar. Sayat Nova da türkcə yazmışdır. Şəmkirdə Aşıq Avak və başqaları buna misal ola bilər. Məşhur erməni yazıçısı Xaçatur Abovyan yazırdı: "Türk dili bizdə o qədər yayılmışdır ki, bu dili həm qadınlar və uşaqlar belə başa düşürlər. Türk dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, öz dilini buraxıb nağıl, zərbi-məsəlləri türkcə deyir".

1828-ci il martın 20-də Türkmənçay müqaviləsi qüvvəyə minməklə Araz çayının sol sahili Rusiyaya birləşdirildi. Yeni erməni vilayəti yaratmaq haqda rusların verdikləri vədi artıq reallaşdırmaq vaxtı çatmışdı. Müqavilədən bir gün sonra, yəni martın 21-də erməni vilayətinində yaranmasına qərar verildi. Bununla da Azərbaycan türklərinin qədim yaşayış məskəni olan İrəvan, Naxçıvan və Ordubad bölgələrində erməniləşmə siyasəti başlandı. İrəvan xanlığı Şimali Azərbaycanda rus istilasına məruz qalmış sonuncu xanlıq oldu. Bu dövrdə İrəvan xanlığı ərazisində, eləcə də İrəvan şəhərinin özündə hayların say tərkibi də az idi. Şəhərdə 5 meydan var idi. Məscid meydanı, Zalxan meydanı, Fəhlə meydanı, Böyük Meydan və Şəhər meydanı. Həmin dövrdə İrəvanda məşhur məscidlər, çaylar, bağlar, bulaqlar, məhəllələr, karvansaralar da diqqəti cəlb edirdi. Təəssüflər olsun ki, 1828-ci ildə ruslar türkləri İrəvandan çıxarıb həmin torpaqları ermənilərə verdilər.

İrəvan qalası Azərbaycan türkləri tərəfindən qurulub və onun sakinləri həmişə türklər olub. Osmanlı səyyahı Övliya Çələbi yazırdı ki, 810-cu ildə Əmir Teymurun istəklilərindən biri, tacir Xoca xan Lexuçanı İrəvan torpağına qədəm basdı. O, bərəkətli torpağı görüb özünün bütün qohum-əqrəbası ilə birlikdə burada məskən saldı. Düyü becərə-becərə günü-gündən varlandı və bu şəhərin əsasını qoydu. Daha sonra 915-ci ildə (1509-1510) İran torpağının şahı İsmayıl şah öz vəziri Rəvanqulu xana həmin yerdə qala tikməyi buyurdu. O, yeddi il ərzində bu qalanı ucaltdı və şah qalaya Rəvan adı verdi. Kərpic və daşdan tikilmiş bu gözəl qala Zəngi çayının sahilində ucaldıldı.

Türkmənçay müqaviləsindən sonra ermənilərə himayədarlıq edən Rusiya dövləti iki mühüm məsələni qarşıya vəzifə kimi qoydu. Erməni vilayəti adlanmış İrəvan xanlığı ərazisinə qonşu dövlətlərdən ermənilərin köçürülüb gətirilməsi və İrəvan xanlığının ərazisindən Azərbaycan türklərinin ciddi cəhdlə çıxarılması... 1804-cü ildən 1827-ci ilin sonlarına qədər İrəvan qalasına ardıcıl hücumlar edən Rusiya dövlətinin başçıları bilirdilər ki, xanlığın ərazisində olan əhalinin 80 faizdən çoxu azərbaycanlılardır.

Ermənilərin istər İrəvan, istərsə də Qarabağ və Gəncə ərazilərinə köçürülməsi işində A.S.Qriboyedovun böyük xidməti olmuşdur. O, yeni yaradılmış erməni vilayətində hayların say çoxluğunu təşkil etmək üçün dəridən-qabıqdan çıxırdı. Ermənilər onun əməyini yüksək qiymətləndirərək İrəvandakı Körpüqulağı məscidini yerlə-yeksan etmiş, yerində A.S.Qriboyedovun heykəlini ucaltmışlar.

Türkmənçay müqaviləsi bağlanan gündən ermənilərin İrəvan əyalətinə gətirilməsi gündəlikdə duran başlıca məsələ idi. Bu iş elə çevik həyata keçirildi ki, sanki hər hansı bir gecikmə nəyəsə ziyan vura bilərdi. Peterburq ermənisi polkovnik Eqizar Lazaryan köçürmənin bilavasitə təşkilatçılarından biri kimi qraf Paskeviçlə, Qriboyedovla və Tiflisin hərbi qubernatoru Sunqaginlə müntəzəm əlaqə saxlayırdı. Köçürülən ermənilər Qərbi Azərbaycanın müxtəlif ərazilərində yerləşdirildi.

İrandan gətirilən çoxsaylı erməni qruplarının Vedibasarda, Dərələyəzdə, Gərnibasarda, Zəngibasarda, Göyçədə yerləşdirilməsi azərbaycanlı əhalinin ciddi narazılığına səbəb oldu.

Köçürülən ermənilər üçün hər cür imtiyazlar vermək və onları istədikləri yerdə yerləşdirmək vacib bir məsələ kimi ön plana çəkilmişdi. Onlar əsasən müsəlman kəndlərində yerləşdirildilər.

1804-cü ildə İrəvan qalasını almaq məqsədilə rus qoşununu Vedibasar və Dərələyəz istiqamətində hərəkətə gətirən Sisianov Şəmkirin, Tovuzun, Gədəbəyin kəndlərini çapıb talaya-talaya Göyçədən keçərkən bütün kəndləri xarabaya çevirdi.

Ermənilər əhalini süngüyə taxır, mal-qaranı öldürür, evləri yandırır, qiymətli əşyaları mənimsəyirdilər. Qadınlar, uşaqlar və qocalar qaçıb dağlara çəkilmişdilər. Ağzıbir və Hacımuğan kəndlərinin ətrafındakı meşələr yandırılıb məhv edildi.

1826-28-ci illərdə baş verən rus-İran müharibəsi zamanı da Göyçənin bir çox kəndləri darmadağın edilmiş, əhali pərən-pərən salınmışdı. Göyçə mahalına ilk ermənilər də məhz bu dövrdə gətirilmişdi.

Göyçə çox qədimdən, yeni eradan xeyli əvvəl türk tayfalarının yaşadığı ərazi olub. Qədimliyi özündə yaşadan bu diyar həm də türk folklorunun əski mərkəzlərindən biri idi.

1828-ci ildə Göyçə ərazisi Rusiya tərəfindən ilhaq edildi və ərazi təzə təşkil olunmuş "erməni vilayəti"nə daxil oldu. Bundan istifadə edən ermənilər alban abidələrini, eləcə də türk abidələrinin sinəsinə xaç nişanı vurmaqla məşğul oldular, saxtakarlıqlarını bir daha nümayiş etdirdilər. 1905-1906-cı, 1918-1920-ci illərdə Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilər analoqu olmayan qırğınlar törətdilər, azərbaycanlıların əksəriyyəti ata-baba yurdlarından deportasiya olundular.

Ermənilərin silah-sursatı, canlı qüvvəsi yetərincə olsa da, 1918-ci ildə polkovnik Silikyanın quldur dəstəsi Zod kəndində Səməd Ağanın cəsurluğu sayəsində tamam məhv edildi.

Ermənilərin xəyanəti nəticəsində 1948-1953-cü illərdə 150 min soydaşımız zorla köçürülərək Azərbaycanın Kür-Araz ovalığında yerləşdirildi.

1988-ci ildə "məzlum" ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar mərhələsini həyata keçirdilər. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı soydaşlarımız çox böyük amansızlıqla üzləşdilər. Azərbaycanlılar min illər boyu yaşadıqları torpaqları zülmlə tərk etdilər.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar öz əzəli torpaqlarından, qədim Oğuz ellərindən ayrı düşüb. Qoyub gəldiyimiz qəsəbə və kəndlərin əksəriyyəti boşdur. Axı, ermənilərin nə sayı var ki? Bu gün ayağı yer tutan bütün haylar Hayastanı tərk edir.

Qərbi azərbaycanlıların hər birinin qəlbi yurd, Vətən eşqi ilə döyünür. Ermənilər Vətən müharibəsində, eləcə də bu il 19 sentyabrda Qarabağ ərazisində keçirilən antiterror tədbirlərində ağır məğlubiyyətə uğradı. Onlar bizim qarşımızda heç vaxt duruş gətirə bilməzlər. Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir.

Məhəmməd İSMAYILOV,

həkim.