Sosial həyat

"Qismətində şəhidlik var imiş..."

44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq, Azərbaycan xalqına sevinc yaşadan şəhidlərimizdən biri də Sərxan Salahovdur. O, 1991-ci il mart ayının 1-də, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ələki kəndində anadan olub. Ələki kənd tam orta məktəbində təhsil alıb. Sərxan 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 6-da Xocavənd döyüşlərində şəhid olub.

Sərxan iki bacının bir qardaşı idi. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub.

Şəhidin anası Müşkinaz xanım bildirir ki, Sərxan müddətdən artıq hərbi xidmətə qulluq edirdi. Kursunun bitməyinə 3-4 gün qalmışdı. Döyüşlərə könüllü yazıldı. Getdi, igidliklə döyüşdü və şəhid oldu. Sərxanla tez-tez danışırdıq. Deyirdi ki, ana, mən qabaqda deyiləm ki, döyüşmürəm, arxa cəbhədə fəaliyyət göstərirəm. Sən demə, döyüşlərin ən qızğın getdiyi bölgələrdə imiş. Danışıqlarımız zamanı telefonda atışma səslərini eşitdiyim zamanda belə mənə "Bizim uşaqlardır", - deyirdi. Amma kaş torpaqlarımızın azad olunduğunu, qələbəni o da görəydi. Yenə də sağ olsun ordumuz, əsgərlərimiz onların qanı yerdə qalmadı.

Döyüş yoldaşları danışır ki, Sərxan yaralananda hospitala aparılıb. Xəstəxanada o, ağır yaralıları görüb, deyib ki, mən üç qəlpə yarası almışam, mənə bir şey olmaz, buraxın məni gedim. Beləcə, yenidən cəbhəyə yollanıb. Qismətində şəhidlik məqamına çatmaq var imiş...

Döyüşlərin birində, səngərdə olduğu vaxt dostu Raufun şəhid olması xəbərini alır. Bu xəbər ona ağır zərbə olur. Yanında olan döyüşçü yoldaşları danışır ki, Sərxan şəhid sözünü eşidər-eşitməz, həmin an səngərdən çıxdı, ermənilərin üstünə yürüdü. Nə qədər desək də Sərxan, geri dönmədi. Getdi qabağa. İki saatdan sonra xəbər gəldi ki, Sərxan vuruldu. O həmişə deyirdi ki, alnımıza nə yazılıbsa, o da olacaq… Sərxandan geriyə iki körpə qızı qalıb. Onları isə Vətənə əmanət edib getdi…

Sərxan Salahov şəhidlik zirvəsinə ucaldıqdan sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən Uğrunda", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

M.MİRZƏ,

"Respublika".