Qlobal güc mərkəzinə çevrilən təşkilat
Siyasət

Qlobal güc mərkəzinə çevrilən təşkilat

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd olmaqla doqquz zirvə görüşü olub. Noyabrın 3-də isə Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü keçirilib.

Əslində zirvə görüşü həm də üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirməyə, eləcə də regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır.

Keçirilən görüş üzv dövlətlərlə yanaşı, dünya miqyasında da diqqətlə izlənilir. Çünki TDT artıq qlobal güc mərkəzinə çevrilmək istiqamətində sürətlə irəliləyən bir təşkilatıdır. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş türk respublikaları arasında əlaqələr 1992-ci ildən etibarən Türkdilli Ölkələrin Zirvə Toplantısı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Dünyası İdman Oyunları, "Türkvision", Türk Dünyası Paytaxtı kimi ölkələrarası tədbirlər çərçivəsində inkişaf edir.

Təbii ki, Türk dövlətləri arasında belə bir uğurlu nəticə heç də asanlıqla əldə olunmayıb. Bugünkü qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər onların aydın siyasi seçimləri, qətiyyətli mövqeləri və qabaqcadan düşünmək cəsarəti sayəsində addım-addım qurulub.

Türk dövlətləri arasında əməkdaşlığın ən mühüm dönüş nöqtəsi 2021-ci ildə İstanbulda keçirilən ölkə başçılarının Zirvə görüşü olub. Bu toplantıda türkdilli ölkələrin birliyi və bütövlüyü üçün, eləcə də türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən önəmli qərarlar qəbul edildi. İlkin olaraq, Türk Şurası Türk Dövlətləri Təşkilatı adlandırıldı və tamhüquqlu beynəlxalq təşkilata çevrildi. İkincisi, təşkilata Türkmənistanın da cəlb olunması ilə bütün Türk dünyasını birləşdirmək mümkün oldu. Üçüncüsü, Zirvə görüşünün iştirakçıları türkdilli ölkələrin inteqrasiya səylərini dəstəkləyən və əməkdaşlığın uzunmüddətli məqsədlərini müəyyənləşdirən "Türk dünyasına baxış - 2040" sənədini qəbul etdilər.

Bu gün türk dövlətləri özünəməxsus şəkildə inkişaf edən, əhatə dairəsi və miqyası getdikcə genişlənən əməkdaşlığı dəstəkləmək üçün böyük nailiyyətlərə imza atırlar. Misal üçün, 2018-ci ildə türk dövlətləri arasında əməkdaşlıq prosesində iştirak edən dövlətlərin sayı dörd idisə, bu gün bu ölkələrin sayı artıq səkkizə çatıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək sədrliyi uğurla həyata keçirdi.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunun artmasına səbəb oldu. Bu, bütün Türk dünyasının zəfəridir. Məhz bu səbəbdəndir ki, 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edildi.

Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın rolu şübhəsiz ki, çox böyükdür. Bu, həm türk dünyasının mərkəzində yerləşən Azərbaycanın coğrafi mövqeyi, həm də ölkəmizin türk vektoruna mütləq üstünlük verməsi ilə bağlıdır.

Türk dövlətlərinin birliyini şərtləndirən çoxsaylı amillər sırasında iqtisadi inteqrasiya imkanlarının kifayət qədər geniş olmasını xüsusi vurğulamaq lazımdır. Avrasiyada böyük coğrafiyada yerləşən Türkdilli dövlətlər iqtisadi resurslarla zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Bu kimi amillər isə özü-özlüyündə TDT-nin beynəlxalq nüfuzunun artmasına təsir edir.

Azərbaycan da Türk Dövlətləri arasında iqtisadi münasibətlərin inkişafında mühüm addımlar atır. Prezident İlham Əliyevin Astana sammitindəki çıxışında da dediyi kimi, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Türk İnvenstisiya fondu ilə yanaşı, ölkələr arasında birgə sərmayə fondlarının yaradılması istiqamətində də mühüm addımlar atıb. Keçən dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.

Azərbaycan nəqliyyat sektorunda da TDT-də birləşən ölkələrə geniş imkanlar təqdim edir. Məlumdur ki, respublikamız son illərdə özünün nəqliyyat-logistika infrastrukturunu əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub. Respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Azərbaycanın moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmiryolu Türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə çox mühüm töhfə verir. Respublikamızın təşəbbüsü ilə yaradılan bu nəqliyyat bağlantısı Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Eyni zamanda, Azərbaycanın böyük investisiya qoyuluşu hesabına Xəzər sahilində yaratdığı Ələt limanı ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Hazırda qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımalar fasiləsiz olaraq həyata keçirilir. O cümlədən regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilir.

Son olaraq onu da qeyd edim ki, Türk Dövlətləri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrin inkişafı ilə yanaşı, təhlükəsizlik sahəsində də mühüm addımların atılmasına ehtiyac var. Çünki təəssüflə qeyd etmək lazımdır ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Elə Prezident İlham Əliyev də Zirvə görüşündəki çıxışında üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyinə toxundu.

Rəşad BAYRAMOV,

politoloq.