Taliban qadın tələbələrin Dubaya getməsini əngəlləyib
Dünya xəbərləri

Taliban qadın tələbələrin Dubaya getməsini əngəlləyib

Əfqanıstanda qadınların hüquqlarına məhəl qoymayan tətbiqlərə imza atan Taliban bu dəfə təqaüd qazanan əfqan qadınların universitet təhsili üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) getməsinə icazə verməyib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Dubay Universiteti ilə birlikdə qadınların təhsil xərclərini üzərinə götürən iş adamı Halef Əhməd Əl-Həbtur Dubaya getmək üçün hava limanında gözləyən əfqan tələbələrdən yalnız üçünün BƏƏ-yə çata bildiyini açıqlayıb. 

Əl-Habtur sosial media hesabında yerləşdirdiyi video ilə qalan tələbələr üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib. Videoda hava limanında saxlanılan əfqan qadın “Hazırda hava limanındayıq, amma təəssüf ki, hökumət Dubaya getməyimizə icazə vermir. Zəhmət olmasa bizə kömək edin”- sözlərini ifadə edib. Ötən il elan edilən təqaüd çərçivəsində indiyədək 100 əfqan qadın BƏƏ-də təhsil almaq hüququ qazanıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".