Terror məfkurəsinə sahib iki ölkə
Siyasət

Terror məfkurəsinə sahib iki ölkə

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün istər kitablardan, istərsə də əyani şəkildə şahidi olmuşuq. Bu münaqişə iki ölkə arasında müharibəyə gətirib çıxardı.

1990-cı illərin əvvəllərində Ermənistan onu himayə edən dövlətlərin hərbi yardımı nəticəsində Qarabağı və onun ətrafındakı rayonları işğal etdi. Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi doğma torpaqlarımızı bizə qaytardı.

Müharibədən sonra torpaqlarımıza qovuşsaq da, ermənilərin bu illər ərzində dədə-baba yurdumuzda törətdiyi vandalizm bizdə dərin yaralar buraxdı. Düşmənin hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri və daha neçə-neçə mədəniyyət abidələri işğal edildi. Vaxtilə düşmən işğalı altında olan torpaqlarımızda ölkəmizin mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edildi. Haylar ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı qarət edib və yandırıblar.

Təcavüzkar ermənilərin Qarabağ və ətraf rayonlarımızda Azərbaycanın milli mədəniyyət ocaqlarına vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Talan edilmiş milli sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Nəticədə həm əhaliyə mənəvi-psixoloji zərbə vuruldu, həm də iqtisadi cəhətdən güclü ziyan dəydi.

Ermənistan təcavüzkarlıq, soyqırımı, vandalizm, sui-qəsd, mina terroru və bu kimi insanlıq əleyhinə yönələn əməlləri Fransa ilə eynidir. Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən neokolonist dövlətdir. Tarix boyu rəsmi Paris özündən asılı vəziyyətə saldığı bəzi ölkələrə mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Hətta bu nəzarəti tədricən artırmağa çalışır. Əlqərəz, bu iki ölkəni eyni terror məfkurəsi birləşdirir.

İslamofob, türkofob, irqçi siyasət yürüdən Fransa anti-Azərbaycan siyasəti sərgiləyir və aranı qarışdıraraq, müharibəni alovlandırır. Rəsmi Parisin Azərbaycana qeyri-dost münasibəti artıq bütün istiqamətlərdə açıq xarakter alıb. Bu gün Fransanın Azərbaycanla münasibətlərinin düyün nöqtəsi Qafqazda formalaşan və əsas hərbi-siyasi güc kimi çıxış edən geosiyasi konfiqurasiyadır. Azərbaycan bütün hallarda ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır. Bütün istiqamətlərdə təcavüzkar aktları bloklanan Fransa son çarəni öz daxilində Azərbaycana münasibətdə radikal davranışlarda görür. Fransanın Evian lö-Bən şəhərində "Azərbaycan parkı"nda ölkəmizə aid yazı və əlaqəli simvolların yığışdırılması, Xurşidbanu Natəvana qoyulmuş abidəyə dövlət rəsmiləri səviyyəsində vandal davranışlar əslində, Fransanın əsl mahiyyətini açır. Özünü Avropada elmin, mədəniyyətin, incəsənətin himayəçisi kimi təqdim edən, hətta Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun mənzil-qərargahını belə bu ad altında Parisdə yerləşdirməyə nail olan Fransa əslində, mahiyyətcə vandal rejim olduğunu, siyasi məqsədləri naminə mədəni dəyərləri, sənət nümunələrini belə yerlə-yeksan etməyə hazır olduğunu göstərir.

Eyni zamanda məsələ ilə bağlı Fransa bürosuna açıqlamasında Fransanın fəxri senatoru Alain Vasselle Evianda baş verənlərin absurd və obyektivlikdən uzaq, ermənipərəst qüvvələrin əməlləri olduğunu bəyan edib. O bildirib ki, hadisələrə narazılıq bildirməyin müxtəlif yolları var: "Lakin yazıçı-şairlər bizim tariximizdir. Dümanın və Xan qızı Natəvan kimi dahilərimizin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur. Evianda baş verənlər absurddur və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməllərinin nəticəsidir".

Əslində, Evian-lö Bən şəhərində "Azərbaycan parkı"nın salınması və burada Natəvanın heykəlinin ucaldılması zamanında hər iki tərəfin xoş niyyətin ifadəsi idi. Hətta qeyd etməliyik ki, 2015-ci ildə Fransanın sözügedən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi də imzalanıb və müqaviləyə əsasən 2017-ci ildə bu şəhərdə Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda "Dostluq" bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli ucaldılıb.

Əlbəttə, Natəvanın abidəsinin götürülməsi, yaxud şəhər parkındakı Azərbaycan adının silinməsi ilə biz nəyisə itirməyəcəyik, amma Fransa əmin ola bilər ki, Azərbaycanla bu davranışlarına görə çox şey itirəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".