Türk Şurasının mediaforumunda
Türk dünyası

Türk Şurasının mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusu müzakirə olunub

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusunda panel keçirilib.

AZƏRTAC xəbər verir ki, paneldə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə olunub.

Tədbirin moderatoru Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi ilə iki qardaş ölkə arasında sıx əlaqələrin qurulmasının, bu münasibətlərin bütün sahələri əhatə etməsinin və birliyimizin mənəvi güc baxımdan əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edənlər Türkiyədən fərqli olaraq digər türk dilli dövlətlərdə Qarabağ probleminin yetərincə işıqlandırılmadığını və yalnız 44 günlük Vətən müharibəsi başladıqdan sonra cəmiyyətlərin bu mövzu ilə daha yaxından tanış olduqlarını bildiriblər. Vətən müharibəsi nəticəsində qazanılan Zəfərdən sonra bu tarixi hadisə daha geniş miqyasda işıqlandırılmağa başladı. Türkdilli ölkələrin bütün xəbər agentlikləri bu məsələ haqqında yazmağa başladı, hətta sosial medianın da əsas mövzusu Qarabağ Zəfəri idi.

Türkdilli dövlətlər arasında mövcud olan məlumat qıtlığına son qoyulacağına və ölkələr arasında media əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə ümid etdiklərini vurğulayan çıxışçılar bu istiqamətdə yeni layihələrin və əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Qarabağ Zəfəri münasibətilə bütün türk dünyasını təbrik edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov bu gün yaşadığımız bu tarixi dövrün təməllərinin Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürk tərəfindən atıldığını, iki ölkə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu siyasi kursun və qardaşlıq münasibətlərinin uğurla davam etdirildiyini vurğulayıb.

Paneldə gələcək üçün planların həyata keçirilməsində bu forumun, eləcə də medianın rolu xüsusi qeyd edilib, türkdilli ölkələr arasında informasiya mübadiləsinin daha da intensivləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

AZƏRTAC