Üçrəngli bayrağımızın ideya müəllifi
Tarixi şəxsiyyətlər

Üçrəngli bayrağımızın ideya müəllifi

Türkçülüyün görkəmli fikir dühalarından olan Yusuf Akçura deyirdi: "Əli bəy Hüseynzadənin şairanə turançılığı 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıcası Ziya Göyalpı yaratmışdır". Bu mənada, Əli bəy Hüseynzadə böyük Turan coğrafiyasında ortaq din, dil, mədəniyyət ideyasını irəli sürənlərdən biri olub. Onun təbliğ etdiyi formul belə idi: ittihadi lisan, ittihadi din, ittihadi kültür. Əlibəy Hüseynzadənin turançılıq sevdası neçə türk sevdalısının ürəyini fəth etmiş və bunlardan biri də Bakını daşnak-ingilis işğalından xilas edən Nuru Paşa olmuşdu. Əli bəy özü isə türk dünyasına olan sevgisini bütün varlığı ilə ifadə edərək yazırdı: "Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar".

Əli bəy Hüseynzadə yazılarının birində qeyd edib: "Köhnə dəyərləri nəzərdən keçirib dəyişdirməyə başlamağın tarixi anı Rusiya müsəlmanları üçün də gəlib çatmışdır... Biz gərək işləyək, öz qayğımıza özümüz qalaq, öz ehtiyaclarımız barədə danışaq... ləngimədən yeni həyatda sayımıza və biliyimizə uyğun yer tutaq". Böyük ideya və fikir müəllifi olan mütəfəkkirin zamanında irəli sürdüyü məsələlər bu gün Azərbaycanda öz həllini taparaq reallaşıb. Onun da arzuladığı kimi, artıq dövlətimiz beynəlxalq aləmdə layiqli yerini tutub.

Azərbaycan milli mətbuatının əsas inkişaf yolu və formalaşması XX əsrin əvvəllərinə təsadüf edir. Həmin illərdə jurnalistikanın ictimai tribunaya çevrildiyi bir mühit yaranmış və həmin dövrdə mətbuatın bünövrəsi hesab olunan qəzet və jurnallar nəşr olunmuşdur. Onun ağırlığını, məsuliyyətini öz çiyinlərində daşıyan ziyalılarımız, qələm adamları isə tarixin yaddaşında Azərbaycan milli mətbuatının yaradıcıları kimi qalmışdır. Belə fədailərimizdən biri də Əli bəy Hüseynzadə idi. Əslən indiki Sabirabad rayonunun Quruzma kəndindən olsa da, 1864-cü il fevral ayının 24-də Salyanda dünyaya gəlmiş, atası molla Hüseyn Hüseynzadə Tiflis Müsəlman Məktəbinin müəllimi olmuşdu. Kiçik yaşlarında atasını itirən Əli bəy  ana babası, Qafqazın şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Uşaq yaşlarından bir çox dillərə maraq göstərmiş, türk, fars, ərəb, alman, rus dillərini öyrənmiş və 1875-1885-ci illərdə Tiflis gimnaziyasında təhsil almışdır.

Babası Şeyx Əhməd Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovla yaxın dost olmuş, bunun da sayəsində Əli bəy o dövrün ədəbi mühitində böyümüşdür. Şeyx Səlyaninin və Mirzə Fətəli Axundovun təsiri ilə gimnaziyada təhsil aldığı müddətdə türk dilinə, türkçülüyə böyük həvəs göstərmişdir. Millət sevgisi kimi xüsusiyyətlərin ona aşılanmasında hər iki şəxsiyyətin böyük rolu olmuşdur. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsində təhsil almaqla yanaşı, həm də şərq fakültəsində mühazirələr dinləmiş, burada dövrünün məşhur elm xadimləri - Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs almışdır. Təhsil aldığı müddətdə ölkədə gedən ictimai-siyasi proseslərlə yaxından tanış olmuş, "xalqçılar" hərəkatına rəğbət bəsləmişdir. Lakin Rusiyada baş verən çaxnaşmalarla əlaqədar olaraq o, İstanbula getmiş, burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində təhsil almaqla dermatoveneroloq ixtisasına yiyələnmiş və yüzbaşı hərbi rütbəsi qazanmışdır. 1897-ci ildə isə Qırmızı Aypara Cəmiyyətinin xətti ilə İtaliyaya getmişdir. Türk-yunan savaşına qatılan Əli bəy Hüseynzadə 1900-cü ildə geri qayıdır və imtahan verərək Tibbiyyə Ali Məktəbinə dəri-zöhrəvi xəstəliklər kafedrasında professor köməkçisi vəzifəsinə təyin edilmişdir.

Əli bəy Hüseynzadə Azərbaycanla yanaşı, həm də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mövqe qazanmış dahi şəxsiyyətdir. Bütün ömrünü türkçülük və turançılıq ideyalarını yaymağa həsr edən böyük fikir adamının həyatında Türkiyə mühacirəti dövrü xüsusi rol oynayır. İctimai-siyasi fəaliyyətlə ciddi məşğul olan Əli bəy burada Ziya Göyalp, İshaq Sükuti, İbrahim Temo, Yusuf Akçura və başqaları ilə birlikdə "İttihad və tərəqqi" cəmiyyətinin əsasını qoyur və çox keçmədən təşkilatın fəal üzvlərindən birinə çevrilir. "İttihad və tərəqqi" cəmiyyəti türkçülük və turançılıq ideyasının nəzəriyyəsinin hazırlanmasında mühüm rol oynayır. Ə.Hüseynzadə, eyni zamanda Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır. Onun fırçası ilə ərsəyə gələn bir sıra portret və mənzərə rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Bütün həyat və yaradıcılığını ümumtürk mənəvi dəyərlərinin tədqiq və təbliğinə həsr edən Əli bəy Hüseynzadə apardığı mücadilə və mübarizələrə görə  Türkiyədə təqib olunur və Azərbaycana dönür. O, burada "Kaspi" qəzeti ilə əməkdaşlığa başlamış və bir sıra publisistik yazılarını dərc etdirmişdir. Müəllif "Gənc türkçülük nədir?" adlı məqaləsində türk tənzimat hərəkatının mahiyyətini açıqlamışdır. Az müddət sonra dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyilə "Həyat" qəzetinin nəşrinə nail olmuşdur. Əli bəy Hüseynzadə bu qəzetdə dərc etdirdiyi əsərləri ilə ictimai-mədəni mühitə yeni abu-hava gətirmişdi. Ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışan Əli bəy Hüseynzadə 1906-cı ildə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir. Ədib yaradıcılığında mühüm rol oynayan həmin jurnalda çıxan məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!". Bu fikir füyuzatçı mətbuat orqanları - "Tazə həyat", "İrşad", "Həqiqət", "İqbal", "Açıq söz", "Azərbaycan" və digər qəzet və jurnallar tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - şəklində təbliğ olunurdu. Hətta Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Onu Azərbaycan Cümhuriyyətinin ideoloji banisi adlandırmışlar. Hilmi Ziya Ülkər Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir.

O, 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla ailə həyatı qurur. Bu evlilikdən üç övladı olur. İztirab, məhrumiyyət, təqib və çətinliklər içərisində yaşamış Əli bəy Hüseynzadənin ömrünün 30 ildən çoxu mühacirətdə keçmişdir. Bu böyük şəxsiyyət 76 yaşında, 1940-cı ildə İstanbulda vəfat etmiş və Qaraca Əhməd məzarlığında, şair Hədimin qəbri yaxınlığında dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".