Unuludmaz obrazlar müəllifi
Mədəniyyət

Unuludmaz obrazlar müəllifi

22 noyabr milli kinomuzun Mirzə Səfəri, Dədə Qorqudu, Bəxtiyarı, Qəmərlinskisi və başqa neçə-neçə yaddaqalan obrazların müəllifi, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laueratı Həsən Məmmədovun doğum günüdür. Görkəmli aktyor Salyan rayonunda dünyaya göz açıb. 1956-cı ildə 2 saylı orta məktəbi də burada bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxan və bir müddət müxtəlif teatrların yardımçı heyətində aktyorluq edən Həsən Məmmədov 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olur. Tələbəlik illərində müəyyən fasilələrlə dövlət radiosunda diktor işləyən gənc Həsən, 1962-ci ildə rejissor Mehdi Məmmədovun kursunu bitirdikdən sonra təyinatla Akademik Milli Dram Teatrına göndərildi. Elə həmin ildən başlayaraq on il ərzində kino çəkilişləri ilə əlaqədar fasilələrlə burada çalışır. Bununla da səhnədəki aktyorluq istedadı ilə kinematoqrafçıların diqqətini çəkən Həsənin sənət taleyinə 50-yə yaxın filmdə çəkilmək yazıldı.

İstedadlı sənətkar 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olur. İllər keçdikcə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasında işə başlayır. Həsən Məmmədovun 1970-ci ildə böyük ekranlara çıxan "Yeddi oğul istərəm" filmində yaratdığı Bəxtiyar rolu, sözün əsl mənasında, böyük əks-səda doğurdu. O dövrün ən populyar nəşrlərindən olan "Qobustan" toplusunun keçirdiyi sorğuda baş rolun ifaçısı "70-ci illərin ən yaxşı aktyoru" kimi dəyərləndirildi. Ümumittifaq festivalında "Kişi rolunun ən yaxşı ifaçısı" mükafatına layiq görülən aktyor, eyni zamanda "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatı, "Birisi gün gecə yarısı" ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Dövlət mükafatı ilə təltif olundu. Çünki o, çəkildiyi filmlərdə obrazları bütün varlığı ilə yaşayırdı. Sənət dostlarının dediyinə görə tələbkar olduğundan rejissorlar həmişə düşünürdülər ki, ssenarini necə quraq ki, Həsən həmin filmlərdə çəkilə bilsin. Yüksək mədəniyyət, əxlaq sahibi olan və xatirələrdə də belə qalan sənətkar milli kinomuzun ən maraqlı və yaddaqalan nümunələrinə istedadı ilə öz möhürünü vurub.

Aktyorun rolları siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin səhnə obrazlarına da rast gəlirik.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

2018-ci ilin noyabr ayında kino və teatr sənətimizin görkəmli nümayəndəsi Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam oldu. Bu münasibətlə həmin ildə ölkə başçımız İlham Əliyev Həsən Məmmədovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Yubiley mərasimi sənətkarın doğulduğu Salyan rayonunda qeyd edilmişdi.

26 avqust 2003-cü ildə dünyasını dəyişən aktyor həyat verdiyi bir-birindən maraqlı obrazlarla bu gün kinosevərlərin yaddaşında yaşayır.

Röya RÜSTƏMLİ,

"Respublika".