‘‘Xocalı soyqırımını  əsla unutdurmayacağıq.   Çünki  hər unudulan soyqırımı yenidən  təkrarlanır’’
Digər xəbərlər

‘‘Xocalı soyqırımını  əsla unutdurmayacağıq.   Çünki  hər unudulan soyqırımı yenidən  təkrarlanır’’

Türkiyə

 “Fevralın 25-dən 26-a keçən gecə dünya tarixində bir utanc günü kimi qeyd edilməlidir. Çünki dinc sakinləri – qoca, uşaq, qadın, kişi deməyib, soyuq bir gecədə ac-susuz halda dağlara, meşələrə salıb, orada insanlıqdan kənar şəkildə qətl etmək ancaq ermənilərə məxsus bir şeydir. Ancaq hadisəni başqa aspektdən də görməliyik. Xocalı soyqırımı nə ilk idi, nə də son. Bu tarixə qədər 1905, 1918-ci illərdə törədilən qətliamlar və soyqırımlar var idi. Bunu Qubada ən yaxşı şəkildə görmək olar”.  Bu sözləri ‘‘Yeşil Iğdır’’ qəzetinin müxbiri, şair Emir Şıktaş bildirib.

Onun  sözlərinə görə, 1988-ci ildən etibarən 1992-ci ilə qədər böyük olmasa da, törədilən qətliamlar olub. Əslində bu soyqırımı,  Anadoludakı 1,5 milyon Anadolu türkünə edilən soyqırımın, 1905, 1907 və 1918-ci illərdə törədilən erməni soyqırımlarının davamıdır.
“Bunu sadəcə,  ermənilərin etdiyini demək gələcək nəsillərdə sağlam düşüncə formalaşdıra bilməz.  20 Yanvarda olduğu kimi, Xocalıda da, SSRİ 366-cı motoatıcı alayı bu qətliamda iştirak etmiş və dünya buna səssiz qalmışdır. Bu da önəmli bir faktdır və tarixdə yerini almalıdır. Çünki ermənilər bu günə qədər, xüsusilə də son 200 illik tarixdə təkbaşına bir şey edə bilməyiblər. Digər bir fakt isə 1992-ci ildə Azərbaycanın siyasi, hərbi, iqtisadi vəziyyətin Xocalı faciəsinin baş verməsinə şərait yaratması ilə bağlıdır”.

Emir Şıktaş  şahid ifadələrinə istinadən deyir ki, Bakıdan sadəcə 11 nəfərlik bir dəstə var idi. 25 fevrala qalan 3000-ə yaxın əhalinin 200-ə yaxın əli silah tutan insan olmasına baxmayaraq, onların əlində çox az sayda avtomat olub. Bu azsaylı avtomata qarşılıq 366-cı motoatıcı alayın tankları, topları, zirehli texnikası ilə bir qətliam yaşanıb. Emir Şıktaş  Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı yazdığı şeirində Xocalıdakı vəhşilikləri ürək ağrısı ilə qeyd edib.

Təbii ki, hadisəni sadəcə 25 fevrala bağlamaq da doğru deyil. Həmin  tarixdən sonra əsir götürülən insanlara edilən işgəncələri də, bu: “... soyqırımın bir parçası olaraq dəyərləndirmək lazımdır. Biz Xocalı soyqırımını unutmayacağıq və əsla unutdurmayacağıq. Əgər unudarsaq bu tərz hadisələr yenə təkrarlanar”,- deyə E.Şıktaş vurğulayıb.  “Amma bunu da insanların diqqətinə çatdırmaq lazımdır ki, 2020-ci ildə güclənmiş, ən güclü orduya, yüksək mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı dəmir yumruğunu Xocalı soyqırımını bizə yaşadanların – ermənilərin təpəsinə endirdi.

Türkə güldü Xocalı,

Şirin dildi Xocalı.

Xarıbülbül yetişdi,

Qisas aldı Xocalı.

Emir Şıktaş deyib ki, bu qətliamı törədən əliqanlı qatillər hələ də yaşayır və cəzalarını almayıblar. Onları Avropa insan hüquqları, müharibə cinayətləri məhkəməsində gördüyümüz anda şəhidlərimizin ruhu şad olacaq.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.