Ya çox hiyləgər, ya da çox sadəlövh
Siyasət

Ya çox hiyləgər, ya da çox sadəlövh

Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazır olduğunu bildirib. Təxminən 10 gün əvvəl milli jandarmeriyanın briqada generalı Uilyam de Meyeri Qafana göndərən Paris indi yenə sülhdən dəm vurur. İlk baxışdan elə görünür ki, əsrlər boyu müstəmləkəçi siyasət yürüdüb haqq-ədalətdən danışan, başqalarının işinə burnunu soxan Fransa deyil. Deməli, "Yelisey sarayı ya saman altından su yeridir, ya da suyun qarşısını samanla almaq istəyir" - Makron ya çox hiyləgərdir, ya da çox sadəlövh.

Fransalı nazirin açıqlamasının absurd olduğunu göstərən ilk amil ondan ibarətdir ki, ümumiyyətlə, bəzi avropalı diplomatlar bu mesajları niyə Azərbaycandan deyil, Ermənistandan verirlər. Aydındır, son dönəmlərdə rəsmi Bakı ilə Paris arasında soyuq küləklər tüğyan edir. Bunun da günahı ikincidədir. Hər cür fitnə-fəsad azmış kimi, bir də Azərbaycana casus yerləşdirmək iki ölkə arasında diplomatik münasibətləri sıfra endirdi. Bu baxımdan, qarşılıqlı əlaqələri bərpa etməyə də məhz Fransa səy göstərməlidir. Lakin əksər Qərb diplomatları kimi, Bakıya gəlməyə çəkinən, gələn zaman isə çətin sual qarşısında aciz qalmaqdan qorxan fransalı nazir özünə əlverişli mövqe seçib. Çünki Ermənistan da öz "bacısı" ilə eyni siyasəti yürüdür və bu baxımdan, iki mənfi güc əsla bir-birini doğru istiqamətə çəkə bilməz.

Son günlər Fransada artan fermer etirazları və korsikalıların üsyanı hökuməti dünyanın diqqətini başqa yerə yönləndirməyə vadar edir. Bu isə artıq mənimsənilmiş praktikadır. Qərb öz problemlərini digər qitələrdə baş verən hadisələrlə ört-basdır edir.

2018-ci ildə İtaliya, Belçika və Niderlandda başlayan sarı jiletlilər hərəkatı Fransada pik həddə çatdı. O dövrdə də öz çirkin əməllərini gizlədən Qərbin "bəxti gətirmiş", "dəcəl uşağı" olan Ermənistanda inqilab baş vermişdi. Görünür, bu dəfə də qurban olaraq İrəvan seçilib. Amma ssenari və təfərrüatlar isə hələ dəqiq deyil. Çox güman ki, regionda yeni inqilablar təşkil etməklə fermer etirazlarını unutdurmaq istəyirlər. Bu baxımdan, Makron kollektiv Qərb adından növbəti hiyləgərliyə baş vurub.

Lakin bu hiyləgərlik deyil, səfehlikdir. Çünki Parisin maskası çoxdan cırılıb. Artıq Ermənistan özü də başa düşür ki, ölkəyə "təmənnasız dəstəklər" heç də elə-belə deyil. Qərb Rusiya ilə aktiv mübarizə və regionla bağlı digər qaranlıq planları üçün İrəvanı vahid mərkəz kimi seçib. Sadəcə olaraq, burada bir maneə var ki, bu da Azərbaycandır. Bəli, Cənubi Qafqazın supergücü olan ölkəmiz artıq yalançı və ikiüzlü Qərb dairələrinə inanmır, bütün təxribat planlarını ifşa edir. Bu amili yaxşı bilən Makronun öz anti-Azərbaycan komandasını mütəmadi olaraq Ermənistana göndərməsi bəlkə də tarixdə tayı-bərabəri olmayan "siyasi səfehlik"dir. Bu cür dayazlıq və primitivlik nümunəsi yüksək səriştəli diplomatik şəxsə xas olan amil deyil. Əvvəlcə öz jandermeriya briqadasının generalını Qafana göndərib hərbi mesaj verən Paris, bu gün boynunu büküb sülhdən danışır. Ukrayna ilə planları puça çıxdıqdan sonra haylardan ümidli olan avropalılar deyəsən bu dəfə də evə əliboş yollanırlar.

Cənubi Qafqazla bağlı bütün təxribatların baş rolunda çıxış edən Fransa bu dəfə vasitəçi maskası geyinmək istəyir. Səbəb isə özünü "sülh göyərçini" kimi qələmə verib regionda möhkəmlənməkdir. Lakin avropalı "səyyahlar"a lazımlı cavabı verən ölkəmiz üçün İrəvandan səsləndirilən fikirlər elə də əhəmiyyətli deyil. Qərbin heç bir fikri tezis olaraq götürülə bilməz. Çünki Azərbaycan öz haqqını "dəmir yumruq" vasitəsilə bərpa etdi. Əldə olunacaq istənilən sülh və ya xoşməramlı niyyətlər üçün də heç bir vasitəçiyə gərək yoxdur.

Tacir SADIQOV,

"Respublika".