Yeni dünya düzəni: islahatlara ehtiyac var
Siyasət

Yeni dünya düzəni: islahatlara ehtiyac var

Öz missiyasını yerinə yetirə bilməyən beynəlxalq təşkilatların fəaliyyətində ciddi dəyişikliklər olmalıdır

İkinci Qarabağ müharibəsinin nəticələri bölgədə güc balansını xeyli dəyişdirdi. Bu vaxtadək bölgədə rolu məhdud olan Türkiyə əhəmiyyətli təsir gücünə malik bir aktora çevrildi. Rusiya Azərbaycan ərazisində öz sülhməramlı kontingentini yerləşdirdi, regionun qonşuları və Cənubi Qafqazın üç ölkəsinin iştirakı ilə yeni əməkdaşlıq formatlarının qurula biləcəyi elan edildi. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə başladı, dost ölkələri bu prosesə cəlb etdi.

Azərbaycan bu gün bir çox ölkələrlə yaxşı münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Ölkədə bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində layihələr uğurla reallaşdırılır. Ölkəmiz yalnız iqtisadi cəhətdən deyil, eyni zamanda apardığı uğurlu xarici siyasətlə də beynəlxalq arenada öz yerini tutub. Beynəlxalq siyasətdə aktiv rol oynayır.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində resurslarını müharibəyə yönəldən və Cənubi Qafqazda həll edilməmiş mühüm məsələləri təxirə salmağa çalışan Kremlin vasitəçi rolunun azalması ilə Avropa Birliyi bölgəyə daxil oldu.

Bəli, Rusiya-Ukrayna müharibəsindən sonra dünya dəyişməyə doğru gedir. Dəyişən həm də öz funksiyasını yerinə yetirə bilməyən beynəlxalq təşkilatlar olmalıdır. Bəs dünyanın yeni düzəni, beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? Azərbaycan Prezidenti yerli kanallara müsahibəsində bununla bağlı deyib: "BMT-yə gəldikdə isə BMT-yə bizim münasibətlərimiz indi bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın".

Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında yeni üzvlərin olmasının, bir müsəlman ölkəsi üçün burada daimi yer ayrılmasının vacibliyini də vurğulayıb. Həmçinin Qoşulmama Hərəkatına da bir yer verilməli olduğunu bildirib. Dünyanın qütbləşdiyini, qarşıdurmanın, Qərblə Rusiya arasında uçurumun dərinləşdiyini və bu boşluğu dolduran güc mərkəzi kimi Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzvlərindən birinin təşkilatda çıxış edə biləcəyini də deyib.

Qlobal siyasət belə bir unikal vəzifəni həyata keçirir: o dünyanın tarixi-siyasi inkişafının müasir siyasi inkişafda necə yekunlaşması və hansı yeni mərhələnin başlaması məqamlarını müəyyənləşdirməyə çalışır, bu proseslərin xarakterinə adekvat yeni fəaliyyət strategiyaları formalaşdırır. Suveren dünya dövlətlərinin milli siyasətinin dövlətlərarası beynəlxalq təşkilatların yürütdüyü siyasətdə təmərküzləşməsi, beynəlxalq münasibətlərin tənzimlənməsi, beynəlxalq hüququn həmin münasibətlər sistemini nizamlaması da qlobal siyasətdə təşəkkül tapır. Yeni dünya düzəninin trayektoriyası dünya hegemonunun deyil, dünya birliyinin maraqları çərçivəsində onun hərəkətverici qüvvələrini birgə məqsəd üzərində qərarlaşdırır. Dövlətlərarası beynəlxalq təşkilatlar da öz fəaliyyətini bu istiqamətdə davam etdirməlidir. Təəssüf ki, dünya bunun əksini görür.

30 il çəkən Qarabağ münaqişəsi bir çox beynəlxalq qurumların fəaliyyətsizliyini, yaxud ikili standartlarını üzə çıxarmağa vəsilə oldu. Məhz bu münaqişənin həll edilməsi məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupu öz missiyasını yerinə yetirmədi, daha doğrusu yerinə yetirmək istəmədi. BMT-nin torpaqlarımızın ermənilər tərəfindən işğalına son qoyulmasını "tələb edən" qətnamələri kağız üzərində qaldı. 30 ildə saysız-hesabsız insan bu münaqişənin qurbanına çevrildi. BMT susdu. Təəssüf ki, bu qurum dünyanın bir çox yerlərində illər, bəlkə də əsrlərdir ki, davam edən münaqişələrə, qarşıdurmalara, müstəmləkəçilik siyasətinə qarşı da eyni mövqe nümayiş etdirir. Dünyanın hegemon, güclü dövlətləri zəif dövlətləri sıxışdırıb aradan çıxarır, beynəlxalq hüquq işləmir, xalqların azadlıq hərəkatının haqsız yerə qarşısı alınır, qan tökülür, təbiətə, ekologiyaya ziyan vurulur...

Millətlərin taleyi üçün birbaşa məsuliyyət daşıyan qurumlar elə köhnə havalarına oynayırlar. Dünya isə yenilənmək istəyir. Bu mənada işini görə bilməyən təşkilatlarda islahatlar aparılmasına ehtiyac var. Xüsusən də Birləşmiş Millətlər Təşkilatı sülh, haqq, ədalət uğrunda mübarizədə sözün həqiqi mənasında birlik nümayiş etdirməlidir. BMT-nin separatçı qüvvələrin əlində oyuncağa çevrilməsi bu qurumun çətin duruma düşməsindən xəbər verir. Ayda bir dəfə kimlərinsə təzyiqilə toplaşıb hansısa məsələni müzakirə etmək heç bir fayda vermir, əksinə, onun zəifliyini göstərir. Zəif düşmüş bir orqanın müalicəyə ehtiyacı olduğu kimi, onun da "sağalmasına" zərurət var. Atalar demişkən, biri dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda?..

Zümrüd QURBANQIZI,

"Respublika".