Ürəklərdə yaşayanlar
Region

Ürəklərdə yaşayanlar

Şanlı Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində zəfər yürüşü ilə dünya hərb tarixinə parlaq səhifələr yazdı. Xarici havadarlarının köməyi ilə işğal etdiyi əraziləri əldə saxlamaq və daha da genişləndirmək məqsədilə düşmənin 30 il ərzində tikdiyi hərbi istehkamlar, topladığı döyüş texnikaları və canlı qüvvəsi Azərbaycan ordusu tərəfindən 44 günlük müharibədə darmadağın edildi.

İmişlinin Əlyetməzli kəndində Vətən müharibəsində igidliklə iştirak etmiş şəhid Bəşirov Hakim Nizam oğlunun doğum günü qeyd edildi. O, 2 mart 1989-cu ildə İmişli rayonunun Əlyetməzli kəndində anadan olub.

Leytenant Bəşirov Hakim Nizam oğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 20-də Füzulinin azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hakim Nazim oğlu Bəşirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin əziz xatirəsi doğum günündə anıldı. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri və YAP İmişli rayon təşkilatının əməkdaşları tərəfindən şəhidin ailəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla yad olundu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev həmin qələbədə payı olan Hakim Bəşirov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanın tarixi zəfərinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Çıxış edənlər 44 günlük müharibədə əldə etdiyimiz şanlı qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söylədilər.

Ərəstun ABDULOV,

  "Respublika".