Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

NİGERDƏ ÇEVRİLİŞ ETMİŞ GENERAL ÖZÜNÜ ÖLKƏNİN LİDERİ ELAN EDİB

Nigerdə general Abdurəhman Çiani özünü “Vətənin Xilası Milli Şurası”nın sədri elan edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə "Frans-Press” məlumat yayıb.

Bildirilir ki, general Abdurəhman Çiani Niger televiziyası ilə hərbçilər adından çıxışı zamanı özünü şuranın sədri elan edib. O, efirdə iddia edib ki, qiyama ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi səbəb olub.

Məlumata əsasən, buna etiraz edən xalq çevrilişə mane olmaq üçün küçələrə axışıb və ölkə prezidenti Məhəmməd Bazumun sərbəst buraxılmasına görə etiraz aksiyası keçirib.

Eyni zamanda, qeyd edilir ki, Məhəmməd Bazum çevrilişdən sonra istefa verməkdən imtina edib. Məlumatda bildirilir ki, prezidentlə qiyamçılar arasında danışıqlar hələ də davam edir. Danışıqların təfərrüatı ilə bağlı açıqlama verilmir.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger prezidenti Məhəmməd Bazumu girov götürüb.

 

“G20” ÖLKƏLƏRİNIN YEKUN BƏYANNAMƏSI QƏBUL EDILMƏYIB

“G20” ölkələrinin nümayəndələri Hindistanda keçirilən görüşdən sonra birgə bəyannamə üzərində razılığa gələ bilməyiblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Hindistanın ətraf mühit, meşələr və iqlim dəyişikliyi naziri Bhupender Yadav məlumat verib.

“Bütün “G20” ölkələrinin səyləri ilə biz yaxşı yekun sənəd hazırlaya bildik. O, 68 bənddən ibarətdir və onlardan 64-ü üzrə konsensus əldə olunub”, - deyə B.Yadav görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“G20”nin energetika və maliyyə nazirlərinin iyul ayında keçirilən görüşləri də analoji şəkildə başa çatıb. Belə görüşlərdən sonra danışıqların bütün bəndləri üzrə konsensus olmadığı halda, birgə bəyannamə əvəzinə iclaslarda müzakirə olunan mövzuları əks etdirən “yekun sənəd və sədrin xülasəsi” qəbul edilir.

“Röyters” agentliyinin verdiyi xəbərə görə, fikir ayrılıqları 2025 və 2030-cu ilə qədər olan dövrlər üçün istixana qazı emissiyalarının azaldılması hədəfləri ilə bağlı məqamlar ətrafında yaranıb.

 

“VAQNER” QRUPLAŞMASININ NÖVBƏTİ KARVANI BELARUSA YOLA DÜŞÜB

Rusiyanın “Vaqner” xüsusi hərbi şirkəti

nin avtomobil və hərbi texnikadan ibarət 13-cü karvanı Belarusa yola düşüb. Bu barədə “Report” agentliyinin  Belarus mətbuatına istinadən yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, karvanda 80-ə yaxın avtomobil, o cümlədən, piyadaların zirehli maşını, benzin daşıyan, avtobuslar və yük avtomobilləri var.

Məlumata əsasən, onları Ukraynanın işğal altında olan Luqansk vilayətndən Dövlət Yol Polisi müşayiət edib. Həmçinin vurğulanır ki, qruplaşma üzvləri Belarusda Tsel qəsəbəsində çadır düşərgəsində məskunlaşacaq.

Qeyd edək ki, bu qəsəbə Belarusun Mogilyov vilayətinin Osipoviç rayonunda yerləşir. 2023-cü ilin iyulunda “Vaqner”in lideri Yevgeni Priqojının Rusiyadakı qiyamından sonra oraya köçüb.

 

FRANSADA ÇİP ZAVODUNUN RƏHBƏRLİYİ HƏBS OLUNUB

Fransanın təhlükəsizlik qüvvələri “Ommic” şirkətinin yerli və çinli rəhbərlərini hərbi sənayedə istifadə olunan gizli texnologiyaların Çin və Rusiyaya ötürdüyünə görə saxlayıb. Bu barədə “Le Parisien” qəzeti Fransa hakimiyyətinin apardığı araşdırmanın nəticələrinə və məhkəmələrin qərarına istinadən məlumat yayıb.

Belə ki, çinli iş adamının nəzarətində olan “Ommic”in səhmlərinə də həbs qoyulub. “Ommic” Avropanın bir neçə yarımkeçirici şirkətlərindən biridir. O, 5G avadanlığında, peyklərdə, o cümlədən tank və qırıcılarda radarlarda və raket yönləndirmə sistemlərində istifadə olunan super güclü, yüksək performanslı çipləri necə hazırlamağı öyrənib. Bu cür texnologiyalar xüsusi şəkildə qorunur və onların ixracına nəzarət edilir.

Müstəntiqlərin hesablamalarına görə, Rusiya ümumilikdə 11,8 milyon avro dəyərində ikili təyinatlı yarımkeçiricilər alıb. Mürəkkəb bir sxem onların Çin vasitəsilə çatdırılmasını nəzərdə tuturdu. Müstəntiqlərin sözlərinə görə, çiplər və texnoloji məlumatlar Rusiyanın dövlət silah şirkətinə çatıb.

 

BMT-NIN BAŞ KATIBINDƏN DÜNYA ÖLKƏLƏRINƏ EKSTREMAL HAVA ILƏ BAĞLI ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş dünya ölkələrinə ekstremal hava hadisələri ilə bağlı tədbir görmələri ilə əlaqədar çağırış edib. Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında iyulun bəşər tarixində qeydə alınan ən isti ay olduğunu vurğulayıb.

“İqlim dəyişikliyi artıq təhlükəli həddə çatıb. Bu, yalnız başlanğıcdır. Qlobal istiləşmə dövrü sona çatdı, qlobal qaynama dövrü başlayıb”, - deyə baş katib əlavə edib.

BMT-nin baş katibi qlobal temperatur artımını 1,5 dərəcə  ilə məhdudlaşdırmaq və ən pis ssenarinin qarşısını almaq üçün təcili olaraq iqlim fəaliyyət planları ilə bir araya gəlməyin hələ də mümkün olduğunu söyləyib.

Antonio Quterres yerli hakimiyyət

lərə, qurumlara və özəl şirkətlərə, eləcə də hökumətlərə  BMT standartlarına uyğun olaraq bərpa olunan enerjiyə keçmələri ilə əlaqədar çağırış edib.

Ekstremal hava hadisələrinin artıq “yeni normala” çevrildiyini xatırladan baş katib bəyan edib ki, bütün ölkələr buna uyğunlaşmalı və vətəndaşlarını qızmar istidən, ölümcül daşqınlardan, yanğınlardan, tufanlardan və quraqlıqdan qorumalıdır.

 

SƏUDİYYƏ ƏRƏBİSTANI “BAYKAR”ın SƏHMLƏRİNİN HAMISINI ALMAQ İSTƏYİR

Səudiyyə Ərəbistanı Türkiyəyə pilotsuz uçuş aparatlarının, o cümlədən “Bayraktar” zərbə PUA-larının istehsalçısı olan “Baykar” şirkətinin səhmlərinin 100 faizini əldə etmək istədiyini bildirib. “Teleqraf.com” “Gazete Pencere” portalına istinadla xəbər verir ki, müvafiq təşəbbüs iyulun 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri zamanı irəli sürülüb.

Bununla yanaşı, portalın məlumatına görə, Səudiyyə Ərəbistanının təklifi gözlənilməz olub. Çünki “Baykar” şirkəti səhmlərinin 40 faizdən çoxunu satmağı nəzərdən keçirmir.

Eyni zamanda, xəbər verilir ki, hələlik Türkiyənin hakimiyyət orqanları və PUA istehsalı üzrə ölkənin ən iri özəl kampaniyası məlumatla bağlı şərh verməyib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri zamanı “Baykar”la Səudiyyə Ərəbistanı arasında zərbə PUA-sının tədarükü üzrə 3 milyard dollarlıq saziş imzalanıb. Bu, Türkiyənin hərbi-sənaye kompleksi sahəsində imzaladığı ən iri birdəfəlik müqavilədir.

Məlumat üçün qeyd edək ki, “Baykar” şirkəti 2022-ci ildə 1,2 milyard dollarlıq məhsul ixrac edib və bu il satışları daha da artırmağı planlaşdırır.

 

NİDERLANDDA DAHA BİR GƏMİDƏ YANĞIN: 500 ELEKTROMOBİL YANIB

Niderland sahillərində göyərtəsində 500 elektromobil olan daha bir yük gəmisində yanğın hadisəsi baş verib. Bu barədə Almaniyanın “Bild” nəşrinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə görə, gəmi Şimal dənizində olarkən yanğın başlayıb. Onun göyərtəsində 500-ə yaxın elektromobillə yanaşı, 1000 ədəd yanacaqla işələn avtomobil olub.

Eyni zamanda, bildirilir ki, elektromobillərdəki akkumulyatorlar daha tez alovlandıqlarından maşınların söndürülməsi çətinləşib.

Qeyd edək ki, iyulun 27-də Niderlandın Ameland adası sahilindən 27 kilometr şimalda “Fremantle Highway” gəmisində baş verən yanğın nəticəsində 2856 avtomobil yanmışdı. “Mercedes” markalı avtomobillərdən ibarət yükün Almaniyadan Misirə aparıldığı qeyd olunur. Hadisə nəticəsində 1 heyət üzvü həlak olub, 22 dənizçi isə xilas edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.