Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında ilk qızıl medalını qazanıb
İdman

Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında ilk qızıl medalını qazanıb

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

"Respublika" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Gültəkin Şirinova (53 kiloqram) finalda yerli idmançı Aleksandra Karamzinanı 9:5 hesabı ilə məğlub edərək yarışda ölkəmizə ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.