Azərbaycan Bosniya və Herseqovina üçün mühüm əhəmiyyət kəsb edir
Siyasət

Azərbaycan Bosniya və Herseqovina üçün mühüm əhəmiyyət kəsb edir

Aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinada rəsmi səfərdə olmuşdur. Sarayevo şəhərində "Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç imzalamışlar.

Bəyannamədə iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq, Bosniya və Herseqovinanın Orta Dəhlizdə iştirakı məsələsi əksini tapıb. Bu Bəyannamə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayacaq. Həmçinin, Azərbaycan bu ölkəyə qoyulacaq investisiyanı genişləndirməyi nəzərdə tutur. Son dövrlər Avropaya təbii qazla yanaşı, yaşıl enerjinin ixracını da həyata keçirən ölkəmiz bu istiqamətdə də Bosniya və Herseqovina üçün olduqca cəlbedicidir. Səfər iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasında atılan ilk addımdır.

Görüş zamanı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç Azərbaycanın ölkəsinin dostu olduğunu böyük ehtiramla qeyd edib. Əlbəttə ki, ölkələrarası münasibətlərdə dostluq əlaqələri mühüm rol oynayır.

Belə ki, 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə ölkəmizin göstərdiyi köməklik dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Bosniya və Herseqovinaya COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi də xüsusi qeyd etmək lazımdır. Dövlətimiz dost ölkədə gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmirində də yaxından iştirak etmişdir. Dövlət başçımızla keçirilən görüş zamanı bütün bunlar yüksək qiymətləndirilərək xüsusi qeyd edilmişdir. Həmçinin, Jelka Tsviyanoviç onu da vurğulamışdır ki, ölkələrimiz arasında tərəfdaşlıq bundan sonra da inkişaf edəcək. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır və suverenliyini dəstəkləyir. Azərbaycan torpaqları Ermənistanın işğal altında olduğu zamanlarda Bosniya və Herseqovina dövləti həmişə ərazi bütövlüyümüzü dəstəkləmişdir. Biz bu dəstəyi İkinci Qarabağ müharibəsi dövründə də gördük. Qeyd edək ki, Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış və həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri həm də dostluq münasibətlərinin göstəricisi idi. Ölkəmizin Bosniya və Herseqovina ilə münasibətləri hələ ötən əsrdə, sovetlər birliyi dönəmində qurulmuşdur. Belə ki, 1972-ci ildə Bakı və Sarayevo qardaşlaşmış şəhərlər statusu almışdır. Bu gün hər iki dövlət arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil və digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar var. Ölkələrimiz hazırkı durumda bir-birinin təcrübəsindən yararlanmaq istiqamətində də mühüm addımlar atır. Məsələn, Bosniya və Herseqovina da Azərbaycan kimi minalardan ən çox əziyyət çəkən və minalarla çirklənmiş ölkədir.

 Azərbaycanın təbii qazı Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edilir. Azərbaycanın təşəbbüskarı olduğu 3 min 500 kilometr bir məsafəni əhatə edən Cənub Qaz Dəhlizi kəməri Bosniya və Herseqovinanın sərhədindən keçir. Əlbəttə ki, kəmərin Bosniya və Herseqovina sərhədlərindən keçməsi tranzit ölkə kimi bu dövlətə də faydalı olacaq. Həmçinin Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da bölgədə yerləşən ölkələrlə yanaşı, Bosniya və Herseqovina üçün də əlverişli olacaq. Balkan yarımadası və Şərqi Avropa ölkələrində Azərbaycan qazına böyük ehtiyac var. Ölkələrimiz arasında enerji əməkdaşlığı və təbii qazın nəqli və saxlanılması, neft emalı zavodları, neft və təbii qazın hasilatı və emalı kimi müxtəlif sahələri əhatə edir. Eyni zamanda bərpaolunan enerji mənbələri, xüsusən də hidroelektrik enerji potensialı iki ölkə arasında əməkdaşlığın mühüm sahələrindəndir.

Ümumiyyətlə, son illər iki ölkə arasında münasibətlər dinamik və yüksələn xətlə inkişaf edir. 2022-ci ildə ölkələrarası ticarət dövriyyəsi 3,2 dəfə artaraq 5,1 milyon dollara çatıb. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib: "Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər". Ölkələrimiz bir çox cəhətlərdən bir-birinə yaxın və oxşardır. Gələcək layihələrin iqtisadi yönümdə inkişafı ilə yanaşı, mədəni və elmi sahədə də inkişafına önəm verilir. Əlaqələrimiz mükəmməl münasibətlərin təzahürüdür.

 Ramidə YAQUBQIZI,

 "Respublika".