Ədəbiyyatşünas, peşəkar tərcüməçi, təcrübəli hüquqşünas Yusif Vəzir Çəmənzəminli
Tarixi şəxsiyyətlər

Ədəbiyyatşünas, peşəkar tərcüməçi, təcrübəli hüquqşünas Yusif Vəzir Çəmənzəminli

Soyadı Vəzirov olsa da, qismətinə bəy ailəsində dünyaya gəlmək yazılıb. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən olub. Ulu babası Mirzə Əliməmmədağa Qarabağ xanı İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə səfir təyin edilir. Lakin 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməhəmməd şah Qacar Şuşanı zəbt etdiyi zaman Mirzə Əliməmmədağanı tutduraraq qətlə yetirir. Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin başqa bir nümayəndəsinin taleyinə yazılır. O, 1887-ci il 12 sentyabrda Azərbaycanın baş tacı Şuşa şəhərində dünyaya gələn Yusif Vəzir Çəmənzəminli idi.

1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri kimi çalışan  Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzdiyi üçün fars və türk dillərini mükəmməl bilirdi. Firdovsi və Füzulini çox sevən atası ədəbiyyata böyük maraq göstərir, eyni zamanda xanəndələrə muğamatdan dərs deyirdi. Belə bir ailədə doğulan Yusif Vəzir Çəmənzəminli əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Atası Yusifin rusca öyrənməsini də çox istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur, bir il bu məktəbdə oxuyandan sonra 1896-cı ildə yenidən Şuşaya qayıdır və Şuşa Realnı məktəbinə daxil olur. Həmin dövrdə bu məktəb tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı.

Böyük qardaşı Əbülhəsən də bu məktəbin nümunəvi tələbələrindən biri imiş. O, qardaşı Yusifin də yaxşı oxumasına çalışırdı. Yusif qardaşından fərqli olaraq dəqiq elmlərə deyil, daha çox humanitar elmlərə meyil göstərirdi. Uşaq yaşlarından maraqlı rəsmlər, təbiət mənzərələri və karikaturalar çəkərdi. Ancaq qardaşı Əbülhəsənin vaxtsız ölümü Yusifi bərk sarsıdır. Uzun müddət təhsili ilə məşğul ola bilmir. Qardaşının yaratdığı zəngin kitabxana isə onun taleyində kəskin dönüş yaradır. Yusif kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda ədəbiyyata da böyük maraq oyanır. Şuşa Realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət olan "Jaloba" adlı ilk şeirini rus dilində yazır.

1906-cı il fevral ayının 20-də atası vəfat etdikdən sonra ailənin çətin günləri başlayır. Yusif əvvəlcə Ağdamdakı əttar dükanını satmaq üçün Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısında qoyur. Yusif hələ uşaq olanda atası Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən (bu kənd günümüzdə də mövcuddur və hazırda İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xacə bəxşinin Məvazixan-i Şimali dehistanında yerləşir) aclıq nəticəsində qaçıb, Şuşaya pənah gətirən Həsənxan, Nifti və Fərəc qardaşlarına sığınacaq verərək himayəsinə götürmüşdü. Ailənin ağır günlərində həmin qardaşlardan basqa heç bir qohumları onlara kömək etmir. Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlirdi.

Həmin dövrdə Şuşada erməni-müsəlman toqquşmaları nəticəsində azərbaycanlı tələbələr arasında Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gələrək realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər, ictimai işlərlə də məşğul olur. Yusif Vəzir 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı hekayəsini yazır. Həmin hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur. Yusif Vəzir Çəmənzəminlinin ailəsi isə Şuşada yaranmış gərgin vəziyyətlə əlaqədar Aşqabada köçür. 1907-ci ildə anasına baş çəkməyə gələn Yusif orada Aşqabad Gimnaziyasının 3-cü sinif şagirdi Berta Maiseyeva ilə tanış olur. Sonralar ehtimal edilir ki, Berta "Əli və Nino" romanındakı Ninonun prototipi ola bilər. 

Yusif Vəzir 1909-cu ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər İnstitutuna verir. Lakin riyazi biliklərinin yetərli olmadığını bilərək sənədlərini geri alır. Orada qaldığı müddətdə məşhur "Cənnətin qəbzi" hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhrəmanı olan Şeyx Şamilə şeir həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. Çəmənzəminli  1910-cu ildə Kiyevdə Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Mütəmadi olaraq Bakıda nəşr olunan qəzetlərdə yazılarını çap etdirir. Onu düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. Bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil edir. Kiyevdə yaşadığı müddətdə, 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirir. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görür. Eyni zamanda "Azərbaycanın muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını çap etdirir. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilir. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, ədəbi yaradıcılığını da davam etdirir. "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi-coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazır. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Yusif Vəzir Çəmənzəminli Parisdə Siyasi Elmlər İnstitutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedir. Kiçik qardaşının da vaxtsız ölümündən sonra böyük şəxsiyyət özünü gözləyən təhlükələrə baxmayaraq Azərbaycana qayıtmağı qərara alır. 1926-cı ildə Ümumittifaq İcraiyyə Komitəsinin qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına qəbul olunur. Azərbaycana qayıdan Çəmənzəminli əvvəlcə "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir. Sovet dövrünün sərt ideoloji rejimi onun da taleyindən yan keçmir. Stalin repressiyası illərində özünə qarşı təhlükəni hiss edən Çəmənzəminli əlyazmalarının böyük bir hissəsini yandırmağa məcbur olur. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır. Onu gözləyən təhlükələrə rəğmən, 1938-ci ildə Özbəkistan SSR-in Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Lakin onun rahat həyatı çox çəkmir.  1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilir. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də həbs düşərgəsində vəfat edir və uzaq Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. Beləcə, görkəmli ədəbiyyatşünas, tarixçi-etnoqraf, təcrübəli hüquqşünas, bacarıqlı müəllim, peşəkar tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin həyat hekayəsi faciəli şəkildə sona çatır.  Lakin 1956-cı ildə bir çox günahsız repressiya qurbanları kimi, Yusif Vəzir Çəmənzəminliyə də bəraət verilir.

Ramidə YAQUBQIZI,

"Respublika".