Ermənistan qalib ölkənin sülh təklifi ətrafında oyun qurmaq istəyir
Digər xəbərlər

Ermənistan qalib ölkənin sülh təklifi ətrafında oyun qurmaq istəyir

Paşinyanın bəlli mərkəzlərdən dəstək alaraq etdiyi hərəkətlər bunu göstərir

"Qanun naminə" filmində bir epizod var. İki gəncin toy mərasiminə gələn Kamilov: "Mənim havamı çal: "Heyvagülü", - deyir. Bəli, ağır bəy havası... Onun özünə yaraşan bu havaya səkə-səkə oynaması məndə belə bir qənaət yaratmışdı: doğrudan da hər kəsin öz havası var. Və, bir də bir havaya oynamaq çox rahatdır, vay o günə ki, səni çox havaya oynadalar.

İndi Ermənistan da o durumdadır, zavallı eyni vaxtda müxtəlif havalara oynamaq məcburiyyətindədir. Əslində, bunun özü də "böyük fərasətdir...".

Vətən müharibəsi bir çox gizli mətləbləri üzə çıxardı, kimin-kim olduğu aydın göründü. Ermənistanın indiyədək bir qədər kölgədə qalan havadarları açıq təbliğata başladılar. Fransa daha irəli gedərək bəyan etdi ki, heç vaxt Ermənistanı atmayacaq. Məhz bu səbəbdən də, Paris Azərbaycana qarşı açıq hücuma keçdi.

2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanı müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərdi. Həqiqətdə isə Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazilərində müharibə aparıb. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü güc hesabına bərpa etmişik.

Bəllidir ki, ənənəvi olaraq erməni cəmiyyətində Fransaya etimad çox yüksəkdir. Xüsusilə 44 günlük Vətən müharibəsində Rusiyadan və KTMT-dən gözlədikləri dəstəyi ala bilmədikdən sonra erməni cəmiyyəti yeni xilaskar axtarışında çox da tərəddüd etmədən Fransanı seçmişdi.

Onu da qeyd edək ki, Ermənistan elə Praqa görüşünün yekun bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını qəbul etmişdi. Bu görüşdən sonra sülh müqaviləsinin bağlanmasına ümidlər çoxalmışdı, lakin göründüyü kimi, Ermənistan o vaxtdan təxribat əməlləri törədərək pozuculuqla məşğuldur. Praqa Bəyannaməsi hazırlanarkən BMT Nizamnaməsi əsas sənəd kimi götürülmüşdü. Bu isə faktiki olaraq o demək idi ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilir. Diqqətçəkən məqamlardan biri də Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi idi. Öz suverenliyinə, müstəqil siyasətinə dəyər verən Azərbaycan buna etiraz etsə də, sərhəd monitorinq missiyasının yalnız Ermənistan ərazisində olacağı barədə razılıq əldə olundu. Ermənistan sərhəd missiyasına razılıq verməklə müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. Bu, bir daha onu göstərdi ki, ilk gündən müstəqilliyi formal xarakter daşıyan Ermənistan bəzi dünya güclərinin maraqlarının ifadəsində oyuncağa çevrilib. Eyni zamanda, N.Paşinyan bəlli mərkəzlərdən impuls almaqla hərəkət edir. Məsələn, elə Praqada da Paşinyan Fransanın iştirak etdiyi görüşdə özünü qətiyyətli aparır, Fransa tərəfi isə açıq şəkildə Ermənistanı dəstəkləyirdi. Əslində, Ermənistanın sərhəd monitorinq missiyasına razılıq verməsi digər tərəfdən Rusiyaya qarşı yeni əks addım idi. Və bu addımı atmağa Ermənistanı daha da cəsarətləndirən Qərbin dəstəyi olmuşdur. Bəzi Qərb ölkələrinin rəsmi nümayəndələrinin açıqlamaları görünür, Paşinyan hakimiyyətini "ruhlandırır". Maraqlıdır ki, hazırda bir sıra ölkələrdə siyasətçilər, deputatlar Ermənistana dəstək məqsədilə ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədə danışırlar. Amma Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayarkən onlar susurdular. Bəs nə üçün onda haqqın, ədalətin yanında deyildilər? Bu kateqoriya dövlətlər arasında İranın öz yeri var. İran Ermənistan sərhədlərini özünün qırmızı cizgisi hesab edir. İstər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə İran Ermənistana hər cür dəstək göstərməklə əslində onu özündən asılı vəziyyətə salmağa cəhd göstərib. Bu mənada, Azərbaycanın təbii sərvətlərinin talanması, işğal altında olan ərazilərdən narkotik vasitələrin daşınması və s. kimi istəklərini reallaşdıran İranın Ermənistana nəfəslik rolunu oynaması da təbiidir. "Yəni əl-əli yuyar, əl də üzü...". Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsində İranın da təsiri böyükdür. İran Zəngəzur dəhlizinin açılmasını istəmir və buna hər cür şəkildə mane olur. Elə Paşinyanın "biz Zəngəzur dəhlizini istəmirik" fikirləri də İranla həmrəyliyin ifadəsidir.

Rus imperiyasının köməyi ilə Azərbaycan torpaqlarında dövlət quran Ermənistan sonralar, elə sovet dönəmində də böyük qardaşının köməyinə, dəstəyinə arxalandı. Torpaqlarımızı zəbt edib onu 30 il işğal altında saxlamasında da, istər bu münaqişəni həll etmək məqsədilə yaradılmış ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri, yaxud havadarı kimi Rusiyanın rolu böyük olub. Ermənistan 30 illik işğal dövründə, əgər belə demək mümkündürsə, ən güclü dəstəyi məhz Rusiyadan alıb. Doğrudur, Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsində beynəlxalq hüququn ölkəmizin tərəfində olması nöqteyi-nəzərindən Rusiya Ermənistanın istədiyi kimi üçüncü tərəf olaraq döyüşlərə qatılmadı. Ancaq bütün dünya da görür ki, Ermənistanın ən böyük havadarı Rusiyadır. Zaman-zaman Azərbaycan-Rusiya münasibətlərində yaranan soyuqluq Ermənistanın daha çox işinə yarayır. Göründüyü kimi, bu işğalçı ölkənin arxasında duranlar, onu istədikləri havaya oynadanlar çoxdur.

Zümrüd QURBANQIZI,

"Respublika".