İrəvanda nə baş verir?
Siyasət

İrəvanda nə baş verir?

Paşinyanın yeni oyunları

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə regionda geosiyasi vəziyyəti köklü şəkildə dəyişdi. Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti nəticəsində 30 illik işğala son qoyuldu.

 Ordumuzun sentyabr ayında Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. Separatçı qüvvələrin Qarabağdan çıxarılması Ermənistanda hakimiyyətə qarşı etirazların daha da şiddətlənməsinə səbəb oldu.

Belə ki, oktyabrın 23-də İrəvandakı Qarabağ erməniləri separatçı rejimin binasına hücum ediblər. Onlar binaya daxil olaraq özünü hələ də xunta rejimin "prezidenti" sayan Samvel Şahramanyanla görüşüblər. Şahramanyan etirazçıları sakitləşdirmək istəsə də, bunu bacara bilməyib. Özünü "rəhbər" adlandıran bu şəxsin sərsəm açıqlamalarına görə etiraz daha da şiddətlənib. Hətta etirazçılar Samvel Şahramanyanın qardaşı Karen Şahramanyanı döyüblər. Əslində, etirazların arxasında gizli məqamlar dayanır. Belə ki, etirazlar hələ yenicə başlayanda qızışdırıcı faktor kimi separatçı rejimin Təhlükəsizlik Şurasının keçmiş sədri Samvel Babayanın adı çəkilmişdi. Ermənistan mediasında yayılan xəbərlərə görə isə Samvel Babayan bilərəkdən İrəvandakı Qarabağ ermənilərini qızışdıraraq Şahramanyanın üzərinə göndərib. Burada maraqları uğruna xalqını belə satmağa razı olan erməni xisləti özünü göstərir. Çünki Babayan Qarabağın erməni əhalisindən istifadə etməklə tarixə qovuşmuş xunta rejiminə rəhbərliyi ələ almaq istəyir. Başqa sözlə desək, Babayan Qarabağdan gətirilən maliyyə resursları, həmçinin xaricdən göndərilən ianələri mənimsəmək niyyətindədir. Babayan bununla bir gündə var dövlət sahibi olub aradan çıxmaq məqsədi güdür. Çünki yaxşı bilir ki, vaxtında qaçmasa, onun da taleyi Arayik Harutyunyan, Ruben Vardanyan kimi dəmir barmaqlıqların arasında çürümək olacaq. Hazırda əsas məsələ bu yaxınlarda saxlanılan keçmiş qondarma rejimin tör-töküntüləri Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyanın verəcəyi ifadələridir. Onların etirafları təkcə Babayanın deyil, həm də xunta rejiminin digər cinayətkarlarının həbsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, Samvel Babayanla Nikol Paşinyanın yaxın münasibətləri var, bu zaman aksiyanın əsas sifarişçisinin məhz Ermənistan baş naziri olduğunu söyləmək olar. Paşinyan hakimiyyətinə qarşı narazılıqların artdığı bir vaxtda Qarabağ ermənilərinin problemlərinin də ciddi şəkildə çoxalması Ermənistandakı siyasi vəziyyəti daha bərbad hala sala bilər. Dövlətin Qarabağ ermənilərinə ayırdığı yardımın azlığı, həmçinin onlara qarşı soyuq münasibət, sığortasız avtomobil idarə edənlərin 100 min dram məbləğində cərimələnməsi kimi faktorlar da etirazların alovlanmasına səbəb olan amillərdəndir. Məhz bu hadisələrin sonunda Paşinyan çıxış yolunu etirazları keçmiş qondarma rejimin "rəhbərlərinə" yönəltməyi daha məqsədəuyğun hesab edib.

Şahramanyana qarşı keçirilən aksiyada Nikol Paşinyanın əli olduğunu sübuta yetirən digər faktlar da var. Belə ki, etirazçılar şüar səsləndirərkən Ermənistan baş nazirinin adı çəkilməyib. İrəvandakı Qarabağ ermənilərinin tək hədəfi gorbagor separatçı rejimin "rəhbərliyi" olub. Hətta aksiya iştirakçılarının əksəriyyəti baş nazirdən razı olduqlarını bildiriblər.

Bütün bunlar bir daha işsizlik, qida çatışmazlığı, evsiz qalan, günü-gündən süni şəkildə artan kirayə qiymətləri qarşısında çarəsiz qalan Qarabağ ermənilərinin Paşinyan hakimiyyətinin əlində oyuncağa çevrildiyini göstərir. Etiraz zamanı diqqətçəkən daha bir məqam isə aksiya iştirakçılarının separatçı rejimin illərdir onları qarət etməsi və bu pullara bahalı evlər, maşınlar alması ilə bağlı söylədikləridir. İrəvandakı etirazçılar, həmçinin həmin evlərin onların əlindən alınıb Qarabağ ermənilərinə verilməsini tələb ediblər. Nəzərə alsaq ki, rəsmi İrəvan hər il tarixə gömülmüş separatçı rejimə 100 milyardlarla dram, yəni bir neçə yüz milyon dollar göndərirdi, gələcəkdə korrupsiya və talançılıq maddəsi ilə yeni cinayət işlərinin açılacağı da ehtimal olunur.

Əslində, Paşinyanın keçmiş separatçı rejimin tör-töküntülərinə qarşı laqeydliyi əvvəldən özünü büruzə verirdi. Belə ki, Ermənistan Qarabağ ermənilərinin könüllü köçündən bir ay keçməsinə baxmayaraq, quldur rejimin "rəhbərləri" ilə görüşməyib, hətta onların təkliflərini rədd edib. Erməni politoloqların əksəriyyəti hesab edirdilər ki, Paşinyan separatçı rejimin tör-töküntülərinə Ermənistan hökumətində vəzifə verəcək. Amma gözləntilər özünü doğrultmadı. Görünür, Ermənistan baş naziri belə bir addımın Azərbaycanın qəzəbinə səbəb ola biləcəyini dərk edib. Şübhəsiz, bu hal baş versə, beynəlxalq ictimaiyyətdə xunta rejimi kimi tanınan qurumun məmurlarını dövlət idarələrinə doldurmaqla Ermənistanın quldurluğu dəstəklədiyi ifşa olunardı. Bu səbəblərdən hazırda keçmiş separatçı rejim baş nazirə, sözün əsl mənasında, düşmən kimi baxır.

Paşinyan qəbul etməlidir ki, etirazları separatçı rejimə yönləndirməklə, gərginliyi aradan qaldıra bilməyəcək. Çünki bu gün Qarabağdakı ermənilər daxil olmaqla, əhalinin əksəriyyəti baş nazirin də səriştəsiz hakimiyyətindən narazıdır. Bu baxımdan, Paşinyan tezliklə Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əks halda, Ermənistan baş naziri viran qoyduğu ölkəsini bu bataqlıqdan çıxara bilməyəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".