İstanbulda ATAİC-in illik texniki konfransı
İqtisadiyyat

İstanbulda ATAİC-in illik texniki konfransı

İstanbulda İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyasının (ATAİC) "Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi" mövzusu üzrə 18-ci İllik Texniki Konfransı keçirilib. Tədbirdə Azərbaycan, Türkiyənin dəvəti ilə müşahidəçi qismində iştirak edib. ATAİC 15 oktyabr 2003-cü il tarixində 11 islam ölkəsi (Banqladeş, Bruney, İndoneziya, İordaniya, Küveyt, Livan, Malayziya, Mərakeş, Pakistan, Tacikistan və Yəmən) tərəfindən imzalanmış razılaşma əsasında Malayziyanın Putrajaya şəhərində təsis edilib.

ATAİC-in əsas məqsədi üzv olan İslam ölkələrində vergi və zəkat siyasətinin və bunların bütün aspektlərinin inzibatçılığının təkmilləşdirilməsinə yardım etməkdən ibarətdir. ATAİC-in fəaliyyəti əsasən, vergilərlə bağlı təcrübə və fikir mübadiləsinin həyata keçirilməsi məqsədilə İllik Texniki Konfrans da daxil olmaqla iclasların təşkil edilməsi, vergilərlə bağlı məlumatların toplanılması və təhlil edilməsi, İslam ölkələri arasında funksional əməkdaşlıq vasitəsilə vergi və ya zəkatın inzibatçılığının təkmilləşdirilməsi üçün fəaliyyətin həyata keçirilməsi və üzv olan islam ölkələrinin vergi sistemlərinin qeyri-islam ölkələrində inkişaf edən vergi və digər aidiyyəti rejimlərlə bir səviyyədə saxlanılmasına yardım etməkdən ibarətdir.

Konfransda ölkəmizi Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təmsil edib. DVX rəisi media nümayəndələrinə verdiyi açıqlamasında deyib ki, azad olunmuş ərazilərdə, həmçinin son antiterror əməliyyatları nəticəsində terrorçulardan təmizlənən Xankəndidə vergi idarələrinin fəaliyyəti bərpa ediləcək. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən vergi güzəştləri, bu ərazilərdə sahibkarlıq fəaliyyətinin aktivləşməsinə, iqtisadi inkişafa təkan verəcək.

O qeyd edib ki, vergi güzəşti işğaldan azad edilmiş bütün ərazilərə aiddir: "Bizim həmin regionlara aid vergi şöbələri hər zaman mövcud olub. Biz sadəcə onların struktur formatını yenidən nəzərdən keçirəcəyik. Regionlaşma siyasətini davam etdirərək daha geniş səlahiyyətlərə malik vergi idarələrinin fəaliyyətini bərpa etdirəcəyik", - deyə O.Nəzərli vurğulayıb.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət problemini həll etmək üçün Ağdam və Cəbrayıl rayonlarında sənaye parkları yaradılıb. Bu ərazilərdə iqtisadi fəaliyyəti stimullaşdırmaq, o cümlədən vergi və gömrük güzəştlərini nəzərdə tutmaq üçün dövlət Şərqi Zəngəzur və Qarabağda xüsusi imtiyazlar paketi hazırlayıb.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.