KTMT-dən çıxmaq, yaxud yoluna davam etmək dilemması
Siyasət

KTMT-dən çıxmaq, yaxud yoluna davam etmək dilemması

Beynəlxalq aləmdə qeyri-konstruktiv mövqeyi ilə tanınan, sözü ilə əməli bir olmayan Paşinyan düşünülməmiş siyasət yürütməklə Ermənistanı dalan ölkəyə çevirib. Regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalan Ermənistan əslində iqtisadi cəhətdən heç bir maraq kəsb etməsə də, bəzi güc dövlətlərinin öz məqsədlərini həyata keçirmək üçün məhz bu ölkəni seçməsi qərb qonşumuzun "siyasi" çəkisini artırır. Belə ki, bu gün Ermənistan Fransa, ABŞ kimi ölkələrin Cənubi Qafqaza maraq dairəsinin mərkəzində dayanır.

Tarixən ayrı-ayrı dövlətlərin köləsi olan, indi də Rusiyadan üz döndərərək Qərbə sığınan satellit (marionet) ölkənin ağasının üzünə ağ olması isə onun gələcəyini böyük sual altına qoyur.

Beynəlxalq təşkilatlarda fəaliyyətini yalnız Azərbaycan əleyhinə əsassız iddialar irəli sürmək, ölkəmizə qarşı qərəzli bəyanatların verilməsinə çalışmaq üzərində quran Ermənistan 30 illik işğal illərində olduğu kimi, postmüharibə dövründə də bu missiyasını həyata keçirir. İstəyinə nail ola bilmədikdə isə vəziyyətdən çıxış yolu tapa bilmir. Buna görədir ki, KTMT-dən ayrılmaq, yaxud yoluna davam etmək dilemması qarşısında qalan Ermənistan gah nala vurur, gah da mıxa. Ötən günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti yoxdur. Digər tərəfdən isə öz öhdəliklərini yerinə yetirmədiyi hazırkı vəziyyətə görə İrəvanın KTMT-nin iclasında iştirak etməyəcəyini vurğulayıb. Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etməyəcəyini deyib. Hətta Ermənistan təşkilatdakı tərəfdaşlarından ona yardım haqqında sənədi gündəlikdən çıxarmağı da xahiş edib.

Ermənistanı KTMT-dən ayıran əsas səbəb isə İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərkən üzv dövlətlərin Ermənistana dəstək olmamasıdır. Beynəlxalq hüquq normalarına məhəl qoymayan Paşinyan sözsüz ki, KTMT-yə də etibarlı tərəfdaş kimi baxmır, ondan öz mənafeyini qorumaq üçün istifadə edir. Buradakı rəsmilər də yaxşı başa düşürlər ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da öz məkrli niyyətlərini, ambisiyalarını reallaşdırmaq üçün bir vasitə hesab edir və nə təşkilatın nüfuzu, nə də ki məqsəd və missiyası Ermənistan üçün əsla maraq kəsb etmir.

İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən Ermənistan 44 gün ərzində kömək üçün zəng vurmadığı dövlət başçısı, dil tökmədiyi beynəlxalq təşkilat qalmadı. Azərbaycanın guya Ermənistanın ərazi bütövlüyünü pozduğunu dünyaya car çəkən işğalçı ölkə ağ yalan uydurmaqla özünə bütün dünyadan dəstək umdu. Sözsüz ki, müharibə zamanı Ermənistanı dəstəkləyən ölkələrlə yanaşı, Azərbaycanın haqlı olduğunu, öz ərazilərində müharibə apardığını qəbul edən digər ölkələrin daxili işlərinə qarışmayanlar da az deyildi. KTMT-yə üzv ölkələrdən öz "təhlükəsizliyini" təmin etmək üçün kömək istəyən Ermənistanın bu tələbini yerinə yetirməyən KTMT üzvləri də hər hansı bir müdaxilədən imtina etmişlər. Elə Ermənistan da KTMT-ni İkinci Qarabağ müharibəsinə müdaxilə etməməkdə, təşkilatın üzvü olmasına baxmayaraq, Azərbaycanın "təcavüzünün" qarşısını almamaqda günahlandırmışdı. Eyni zamanda, keçən ilin noyabrında İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkə başçılarının iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Paşinyan KTMT-nin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı "təcavüz"ünə "düzgün siyasi qiymət" vermədiyini bildirərək sammitdən sonra qəbul edilmiş bəyannaməni, həmçinin "Ermənistana yardım göstərmək haqqında" sənədi imzalamaqdan imtina etmişdi. Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin "Sarsılmaz qardaşlıq - 2023" birgə təlimlərinin bu il ölkəsinin ərazisində keçirilməyəcəyini də açıqlamışdır.

Qeyd edək ki, hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin iştirakı ilə yaradılmışdır. Üzv ölkələrin təhlükəsizliyini təmin etmək məqsədilə təsis olunmuş təşkilatın nizamnaməsində qeyd olunur ki, üzvlüyə qəbul olunmuş ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz və üzv dövlətlərdən hər hansı birinə qarşı təhlükə yaranarsa, bu, digər üzvlərə də aid edilir. Bütün dünya bilir ki, 44 günlük müharibədə Azərbaycan ordusu öz ərazilərində döyüşüb, təcavüzkar tərəf isə Ermənistan olub. Belə olan halda görəsən, Ermənistan İkinci Qarabağ müharibəsinə KTMT-nin necə müdaxilə edəcəyini heç düşünmüşdümü? Bu isə o deməkdir ki, KTMT-yə üzv olarkən də Ermənistan hansısa planını reallaşdıracağına böyük ümidlər bəsləyibmiş...

Mehparə ƏLİYEVA,

"Respublika".