Sabirabadda
Region

Sabirabadda "Cənnət bağı"

Sabirabad rayonunda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Sabirabadlı bağbanlar cari ildə meyvə bağlarından bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərirlər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib. Əfsanəvi cənnətin əsas əlamətlərindən biri yaşıllığın, mer-meyvənin bolluğudur. Bəlkə də "Cənnət bağı" ifadəsi də buradan yaranmışdır.

Bir vaxtlar ilan mələyən, tikandan başqa heç nə bitirməyən Bulduq kəndinin ucqar bir yerində indi bağ salınmışdır. İnsan əlinin yetirməsi olan bu bağ gözəllikdən əlavə mikroiqlimin dəyişməsində əsas mənbədir. 60 hektar ərazidə 40 min ədədədək müxtəlif meyvə ağacları əkilmişdir. Burada hansı meyvə ağacından desən var: alma, armud, gilas, gavalı, alça, ərik... Bağda ilin 4-5 ayı gərgin iş gedir. Burada 80-100 nəfərədək günəmuzd işçi çalışır. Dərilmiş meyvələr daxili və xarici bazarlara ixrac olunur. Ərazidə soyuducu anbar istifadəyə verilmişdir.

Bağın sahibi Eyvaz Nurməmməd oğlu Abıyevgil ailədə üç uşaq olublar. Eyvaz müxtəlif illərdə məsul vəzifələrdə çalışıb. Ailəlidir, iki oğlu var. Dinə dərin etiqad bəsləyir, Həcc ziyarətində olub. Vətənpərvər insandır.

- Əhdim var idi, deyir, Şuşa geri alınsın, həyətimdə saxladığım qartalı və bülbülləri Şuşa dağlarına buraxacağam. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ Azərbaycandır, dedi və bunu gerçəkləşdirdi. Mən də öz arzumu reallaşdırdım. Özümlə apardığım qartalı və 60 bülbülü Cıdır düzündə azadlığa buraxdım.

"Cənnət bağı" Eyvazgilin qayğısı sayəsində əsl gözəlliklər guşəsinə çevrilib. Deyir ki, bağ salmaqla iş bitmir. Əkilən hər ağaca qulluq edilməlidir. Haqlı olaraq irad da bildirir ki, hər il iməciliklər zamanı nə qədər, ağac, kol basdırılsa da, sonradan onlara qulluq edilmir, yanıb tələf olurlar.

Kəndi gözəlliklər məskəninə çevirə bilən insanlardan söz düşərsə, Eyvaz Nurməmməd oğlunun Bulduqda yaratdığı "Cənnət bağı" ən yaxşı nümunədir.

Tofiq HÜSEYN,

"Respublika".