XI Qlobal Bakı Forumunun məqsədi dünyada sülhə nail olmaqdır
Siyasət

XI Qlobal Bakı Forumunun məqsədi dünyada sülhə nail olmaqdır

Bakının növbəti dəfə ev sahibliyi etdiyi və beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi XI Qlobal Bakı Forumu başa çatdı. “Parçalanmış dünyanın bərpası” kimi aktual mövzuya həsr olunan tədbirdə kifayət qədər vacib məsələlərə toxunuldu. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi birzamanda Forumun əhəmiyyəti olduqca böyükdür. Müzakirə olunan mövzuların aktuallığını nəzərə aldıqda aydın olur ki, əsas məqsəd dünyanı parçalayanlara qarşı çıxmaq və bölünmüş dünyanı birləşdirməkdir. Bu baxımdan üç gün davam edən Forum hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il təşkil edilən tədbir mühüm beynəlxalq məsələləri, baş verən müxtəlif problem və çətinlikləri daha yaxşı anlamağa imkan yaradır. Sürətlə dəyişən dünyada hər gün yeni qarşıdurma ocaqları meydana çıxır, geosiyasi dəyişikliklər baş verir. Bütün bunların fonunda Azərbaycanda keçirilən Forum bəzi Qərb dövlətlərinə mesaj və dünyada sülhün-sabitliyin bərqərar olması üçün mühüm tədbirdir.

XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqların sırasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının yer alması Forumun qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda bu, Forumun nəhəng intellektual potensialından xəbər verir.

Artıq uzun illərdir ənənəvi xarakter alan tədbirə Azərbaycanın növbəti dəfə ev sahibliyi etməsi və Forumda iştirak edən qonaqların sayı, müzakirə olunan aktual mövzular ölkəmizin dünya siyasətində aparıcı rolunu göstərir. İstər bundan öncəki tədbirlərdə, istərsə də ondan sonrakı dövrdə ölkəmizin humanitar təşəbbüsləri, xüsusilə peyvənd milliyyətçiliyinə son qoyulması istiqamətində atılan addımlar yüksək qiymətləndirildi. Bu dəfə isə ölkəmiz daha bir qlobal problemin həllinə töhfə verməklə öz missiyasını yerinə yetirdi. Çünki bu Forum sözümüzün dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıyır və bəzi Qərb dövlətlərinin apardığı anti-Azərbaycan təbliğatına verilmiş cavabdır. Fransa da başda olmaqla bu dövlətlər məhz Azərbaycanofob, islamofob meyillərini açıq şəkildə nümayiş etdirirlər. Qərb dövlətləri və təşkilatları, o cümlədən Fransa İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qeyri-adekvat davranış sərgiləyir. Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinin vandalizmə məruz qalması özlüyündə Fransanın Azərbaycana, onun sahib olduğu dəyərlərə yanaşmasının təzahürüdür.

Sözügedən Forumun açılış mərasimində iştirak edən  Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın təcavüzkar siyasətinə toxunmaqla yanaşı, bir sıra aktual məsələlərə də aydınlıq gətirmişdir. Dövlət başçısının bu nitqi dünya mediasının da marağına səbəb olmuşdu.

Dövlət başçısının çıxışı zamanı Fransada azərbaycanlı şairə Xurşidbanu Natəvanın terrora məruz qalmış heykəlinin şəkillərini göstərməsi, dünyanı parçalayanlara, vandallara, barbarlara açıq-aşkar mesaj idi. Abidələrin terrora məruz qalması beynəlxalq aləm üçün gözlənilməz olsa da, bizə yad deyil. Çünki torpaqlarımız düşmən işğalından azad edildikdən sonra ermənilərin tarixi abidələrə qarşı həyata keçirdiyi vandallığın əyani şahidi olmuşuq. Əslində, Azərbaycan bu Forum vasitəsilə parçalanmış dünyanı bərpa etməyə çalışır və bunun üçün səy göstərir.

Ramidə YAQUBQIZI,

“Respublika”.