YEVLAX: XALDANDA ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILIB
Region

YEVLAX: XALDANDA ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILIB

Yevlax rayonunun Xaldan kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidlərin ailə üzvləri, yaxınları, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə  şəhər  icra hakimiyyətinin başçısı Anar Tağıyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Sağlamlıqlarını torpaq, vətən uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında şəhid və qazilərimizin, igid vətən oğullarının şücaətindən, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin qətiyyətli siyasətindən ətraflı söhbət açmış, qazilərə şəfa, bütün şəhidlərə ulu  tanrıdan rəhmət diləyərək, hər birinin xalqımızın ürəyində əsrlər boyu daim yaşayacağını bildirmişdir.

Şəhid ailələrinin üzvləri birmənalı bildirdilər ki, şəhidlərin qanı yerdə qalmadı. Övladlarımızın döyüşçü yoldaşları onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Biz övladlarımızla fəxr edirik. "Təki vətən sağ olsun".

Sonda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Şəhidlərin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzülüb, onlar böyük ehtiramla anılıb.

Z.CƏMŞİDOĞLU,

   "Respublika".