Ağdam-Xankəndi yolu daha əlverişlidir
Region

Ağdam-Xankəndi yolu daha əlverişlidir

Ötən günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə bir çox məsələlər müzakirə edilib. Burada əsas məsələlərdən  biri və başlıcası Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması olub.

Ölkəmiz növbəti dəfə Qarabağdakı erməni sakinlərə qarşı humanizm nümayiş etdirib.  Şübhəsiz ki, bu, onlara hərtərəfli dəstək verməyə, vətəndaş kimi qəbul etməyə hazır olduğunu ortaya qoyan ölkəmizin dünyaya göstərdiyi tolerantlıq nümunəsidir. Şarl Mişel bu təşəbbüsü məmnunluqla dəstəklədiyini bildirib.  Lakin o düşünməzdi ki, erməni tərəfi buna qarşı bu dərəcə aqressivlik nümayiş etdirəcək. Əslində buna təəccüblənmək lazım deyil. Uzun müddətdir ki, məntiqə sığmayan məsələlərə öz erməni xislətlərini ortaya qoymağa davam edirlər. Bu gün iddia edirlər ki, Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması onların ziyanınadır.

Şübhəsiz ki, Qərb qonşumuzun bu yoldan istifadədən imtina etməsi siyasi spekulyasiyadan başqa bir şey deyil.

Digər mövzularda olduğu kimi, indi də Ermənistan etiraz etmək üçün əsaslı səbəb tapmır. Buna görə də mənasız arqumentlər irəli sürərək sülh prosesini ləngidir. 

Texniki cəhətdən Ağdam yolu ilə Xankəndiyə məhsul tədarük etmək daha əlverişlidir. Çünki həm bu yol daha qısadır və buna görə də daha ucuz başa gəlir, həm də yol ən yüksək beynəlxalq standartlara cavab verir. Yol üzərində müasir infrastruktur vasitələri mövcuddur və  avtomobillərin sürətli hərəkəti üçün rahatlıq təmin olunub. 

Qeyd edək ki, Ermənistandan gələn məhsulların ƏDV-si ödənilməyir. Azərbaycan tərəfinin buna etiraz etməsi onun haqqıdır. Görəsən, Ermənistanda əlavə dəyər vergisi ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır?

Bu qəbuledilməzdir. Ermənistan heç bir halda əsaslı səbəb tapa bilmir. Prezident İlham Əliyev bu günlərdə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda bildirib: "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz. Biz utana biləcəyimiz və ya "bəli, bax, burada biz haqsızıq" deyəcəyimiz heç bir şey etməmişik. Biz hər şeyi düzgün etmişik".

Prezident İlham Əliyevin uğurlu siyasəti dövlət-xalq birliyi üzərində qurulub. Bu mənada şübhəsiz ki, ölkəmizin bu məsələdə tək niyyəti orada yaşayan əhaliyə yardım etməkdir. Lakin Ermənistan bunu dünya mediasına tamam fərqli formada çatdırmağa çalışır.  Əgər marşrut işə düşərsə, bir çox məsələlərə aydınlıq gələcək. İlkin versiyada bəlli olacaq ki, Xankəndidə nə qədər erməni yaşayır. Hayastan tərəfi iddia edir ki, Qarabağda sülhməramlıların nəzarəti altında 120 min erməni yaşayır. Şübhəsiz ki, bu rəqəmlər reallığı əks etdirmir.  Ermənistan tərəfinin tək niyyəti bölgədə sülhü və reinteqrasiya prosesini ləngitməkdir. Ermənistanın Azərbaycanın bu təklifi ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. İstənilən gərginlik Hayastan üçün daha ağır nəticələrə səbəb ola bilər. Ermənistan tez bir zamanda öz mövqeyini düzgün formada bildirməyə məcburdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".