Şəhidlər və qazilər qürur mənbəyimizdir
Sosial həyat

Şəhidlər və qazilər qürur mənbəyimizdir

Sentyabr ayı ölkəmiz üçün olduqca vacib və taleyüklü məsələlərin yer aldığı bir aydır. Bu ay bizim Vətən müharibəsinin, qələbəmizin, xalqımızın mənfur düşməni diz çökdürdüyü bir savaşın başlanğıc tarixidir. Məhz 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı nəticəsində Vətən müharibəsi başladı. Nəticə isə göz qabağındadır. 30 illik həsrət bitdi, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.

Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz canları, qanları bahasına vuruşaraq bizim ən böyük problemimiz olan Qarabağ münaqişəsini həll etdilər. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuzun göstərdiyi igidlik tarix durduqca bizim qürur mənbəyimiz olacaq. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Ölkə rəhbərliyi daim şəhid ailələri və qazilərə həssaslıqla yanaşır, onların problemləri, çətinlikləri tez bir zamanda həll olunur. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də qazilərimizin müalicəsi və sağlamlıqlarının bərpası diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. 27 sentyabr - Anım Günü Vətən uğrunda canından keçən şəhidlərimizə ən yüksək səviyyədə diqqət  və  ehtiramın bariz nümunəsidir.

Vüqar İSKƏNDƏROV,

millət vəkili.