Sevimli məkanda əsaslı təmir işləri
Region

Sevimli məkanda əsaslı təmir işləri

Bərəkətli torpaqları, əmək adamları, ziyalıları ilə tanınan Ağcabədi son illər daha çox inkişaf edib, insanların güzəranı yaxşılaşır. Ağcabədi rayonu ulu öndərin hakimiyyəti illərində, sözün əsl mənasında, qabaqcıllar sırasında addımlayıb, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə nail olunub.

Dahi liderin diqqət və qayğısı sayəsində Ağcabədi qabaqcıl kənd təsərrüfatı rayonu kimi şöhrət qazanıb və rayondan onlarla əmək adamı orden və medallarla təltif olunub, qəhrəman adına layiq görülüblər. Ümummilli lider hakimiyyətdə olduğu illərdə Ağcabədi rayonuna beş dəfə səfər edib, rayonun inkişaf və tərəqqisi üçün önəmli sərəncamlar verib, ağcabədililərə doğma münasibət göstərib. Ulu öndərin əziz xatirəsi Ağcabədi rayonunda uca tutulur, görkəmli dövlət xadiminin adı əbədiləşdirilib. Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə ağcabədililərin sevimli məkanı olan Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında əsaslı təmir işləri aparılır. Belə ki, mədəni-kütləvi tədbirlərin, konsert proqramlarının, müxtəlif görüşlərin, təqdimatların keçirilməsi üçün nəzərdə tutulan daha müasir, daha gözəl səhnə inşa edilir.

Hazırda parkda yaşıllaşdırma işləri görülür, köhnə ağaclar budanır, yeni ağaclar və bəzək kolları əkilir, ağacların dibləri yumşaldılır, ərazi zərərli alaq otlarından təmizlənir. Qeyd edək ki, "Heydər Parkı"nda təmir işləri "8 Noyabr - Zəfər Günü" ərəfəsində başa çatdırılacaq və rayon ictimaiyyətinin istifadəsinə veriləcək. Həqiqətən bu park Aran torpağının incisi, cənnətin bir guşəsidir.

Salman ALIOĞLU,

"Respublika".