Torpaq idarəçiliyi mövzusunda Şəmkir zona müşavirəsi
Region

Torpaq idarəçiliyi mövzusunda Şəmkir zona müşavirəsi

MDB məkanında ilk olaraq Azərbaycanda torpağın öz sahibinə - kəndliyə əvəzsiz olaraq verilməsi tarixi nailiyyətdir. Əkin torpaqlarına yiyələnən fermerlər aqrar sahədə yüksək göstəricilər əldə edirlər. Lakin bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır. Buna görə də torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının birgə fəaliyyəti genişləndirilir.

Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaq sahələrinin ayrılmasında nöqsanlara yol verilməsi hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Xidməti və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib. Müşavirədə Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirdə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının, hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib.

Komitədən bildirilir ki, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonları üzrə ümumilikdə 389 min hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib və adıçəkilən rayonlar üzrə 157 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.

Nəriman CAVADOV,

"Respublika".