Paşinyan Hayastanı məhvə sürükləyir
Dünya xəbərləri

Paşinyan Hayastanı məhvə sürükləyir

Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqlar iki ölkə arasındakı münasibəti normallaşdıra bilər və sülhün bərqərar olması reallığa çevrilər. Lakin Ermənistan siyasi iradə nümayiş etdirib xarici təsirlərdən, diktələrdən xilas ola bilməsə, ciddi təhlükələrlə üz-üzə dayanacaq. Əfsuslar olsun ki, Nikol Paşinyan xüsusilə sülh sazişinin imzalanmasında qətiyyətli mövqe sərgiləmir və xarici dövlətlərin, ona himayədarlıq edənlərin şirnikləndirməsinə aldanaraq yeni münaqişə ocaqları yaratmağa can atır.

Azərbaycan isə Ermənistandan fərqli olaraq konstruktiv addımlar atır, beynəlxalq məkanda sülhün təminatçısı qismində çıxış edir. Ölkəmiz heç bir dövlətin daxili işlərinə qarışmır, separatizmi dəstəkləmir, milli azlıqların hüquqlarına hörmətlə yanaşır, başqalarının torpaqlarına göz dikmir və müstəqil siyasət yürüdür. 44 günlük müharibədə kapitulyasiya aktına imza atmış, ölkədaxili çəkişmələrin ən pik səviyyədə olduğu Ermənistanda isə hakim dairələr hələ də revanşist hisslərə qapılır. Paşinyan hakimiyyəti torpaq iddiasında, müharibə əhval-ruhiyyəsindədir. Onlar separatizmə və terrora dəstək verməklə, başda Fransa olmaqla bəzi dövlətlərin köməyinə arxalanır və havadarlarının buyruqları ilə hərəkət edirlər. Baş nazir Paşinyanın bir neçə dövlətdən asılı vəziyyətdə olması Ermənistanın gələcəyini sual altında qoyur.

Müxtəlif mənbələr və dəlillərə əsasən erməni havadarlarından birinin Soros fondu olduğunu qeyd edə bilərik. Soros fondu Ermənistan vasitəsilə Türkiyə və Azərbaycana təsir etməyə çalışır və Cənubi Qafqaz regionunda öz maraqlarını güdür. Yəni Ermənistan Qərbin əlində həmin ölkələrə qarşı alətə çevrilib. Soros fondunun Ermənistan hakimiyyəti ilə əlaqələri bunu deməyə əsas verir. Yoxsa, 2 dəfə həbs edilmiş Nikol Paşinyanı küçələrdən hakimiyyətə kim gətirə bilərdi? Siyasi fəal, jurnalist qismində propaqandaları təşkil edən, əhalini qızışdıran bu şəxs başqa heç cür hakimiyyətə gələ bilməzdi. Digər tərəfdən, Rusiyaya indeksləşmiş addım atmaq niyyəti güdən qərb dairələrində Paşinyan kimi bir oyuncağa ehtiyacı var idi. Keçmiş prezident Serj Sarkisyan nə qədər Kremlə bağlı fəaliyyət göstərirdisə, Paşinyan bir o qədər qərb dairələrinə bağlılıq nümayiş etdirir. Məhz Nikolun "seçilməsindən" sonra Rusiyanın təsir gücünün Ermənistan üzərində azalması deyilənləri təsdiq edir.

Erməni lobbisinin və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti Corc Sorosun maraqları ilə uzlaşır. Burada məqsəd bu ölkələrin regionda nüfuzlarını sarsıtmaqdır. Digər tərəfdən,  Ermənistanın Rusiyaya xəyanəti ona istədiyi dəstəyi qazandırmayıb. Düzdür, Fransa Ermənistana dəstək vermək üçün bütün imkanlarından istifadə edir. Ancaq rəsmi Parisin Cənubi Qafqaza, xüsusilə də Azərbaycana təsiri olmadığından bu dəstək sadəcə pensiyaya çıxmış fransız polislərini Cənubi Qafqaza cəlb etməkdən başqa bir işə yaramır. Ermənistanın bu cür destruktiv siyasətinin qarşısı dərhal alınmalıdır. Əks halda, bütün qonşu dövlətlər Qafqazdakı yeni münaqişə ocaqlarının, Rusiyaya qarşı açılan yeni cəbhənin şahidi olacaqlar.

Artıq erməni mediasında qeyd edilir ki, Nikol Paşinyan və Qərb dairələri anti-Rusiya təbliğatı aparır, bu istiqamətdə müvafiq addımlar atılır. Hədəf "Bolton planı"nın reallaşdırılması və Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirməkdir. Bu iddia ilə Ermənistanın "Yerkramas" nəşri çıxış edib. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin və Türkiyənin planlarını reallaşdırmağa çalışır: "Bu plan da Qarabağdan sülhməramlıların çıxarılması və Gümrüdəki Rusiya hərbi bazasının qapadılmasıdır. Bu, sonda Sünikin (Zəngəzur) əldən çıxmasına gətirib çıxaracaq". Erməni nəşri əlavə edir ki, Paşinyanın planı Ermənistanı süquta uğratmaqdır.

Bütün bunlara rəğmən, hələ də inam var ki, Azərbaycanın dünyada artan nüfuzu, ölkə başçımızın düşünülmüş siyasi gedişləri Ermənistanı sülhə gəlməyə, götürdüyü öhdəlikləri, imzalanmış bəyanatlardan, danışıqlardan irəli gələn vəzifələri yerinə yetirməyə məcbur edəcəkdir. Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub. Geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi imzalanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır.

Nurlan ABDALOV,

"Respublika".