Xarici siyasətimizin uğuru – COP29
Digər xəbərlər

Xarici siyasətimizin uğuru – COP29

Ölkəmiz insanlara, planetimizə fayda verəcək bütün beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı, həm də əksəriyyətində dominantdır. Hətta İkinci Qarabağ müharibəsi dövründə belə çevrənin qismən az çirklənməsinə çalışdı.

Ötən il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammiti keçirilərkən ölkəmiz böyük pavilyon açaraq geniş nümayəndə heyəti ilə iştirak etdi. Müstəqilliyimizi bərpa etdikdən sonra çirklənmiş quru və dənizin təmizlənməsinə dövlətimiz yüz milyonlarla yatırım etdi. Zəngin karbohidrogen ehtiyatları olan dövlətimiz bu sahədən gələn gəlirin bir qismini "yaşıl enerji"nin yaradılmasına yatırdı. Ölkəmiz belə bir konfransı keçirməyə, ev sahibliyi etməyə layiqdir. İlk növbədə Azərbaycanın belə mötəbər tədbirlərə evsahibliyi etmək üçün siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi nəzərə alınır. Ölkəmizdə bu gün yaşıl iqtisadiyyat, yaşıl enerji ilə bağlı böyük layihələr həyata keçirilir.

COP29-a ev sahibliyi etmək heç də sadə və asan deyil. Ölkəmizdə bu il "Yaşıl dünya naminə həmrəylik İli" elan olunub. Hesab edirəm ki, dövlətimiz vaxt azlığına baxmayaraq, bu işi uğurla gerçəkləşdirəcək.

İndiyə qədər ölkəmizdə belə böyük beynəlxalq tədbir keçirilməyib. Tədbir iki həftəyə qədər davam edəcək.

Bilirsiniz ki, bu konfransa müxtəlif siyasi baxışlı insanlar, jurnalistlər, eyni zamanda dövlətimizi sevməyən qüvvələr də gələcəklər. Onların təhlükəsizliyinin təmin edilməsi mühüm məsələdir. Ölkəmizdə iki həftəyə yaxın müddətdə olacaq on minlərlə insanda millətimiz və dövlətimiz haqda fikir formalaşacaq.

Qorxmaz İBRAHİMLİ,

ekoloq.