Haqqı, ədaləti danaraq, ədavətə sövq edilən düşmən
Siyasət

Haqqı, ədaləti danaraq, ədavətə sövq edilən düşmən

"Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi". Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri fevralın 26-da Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Azərbaycanın 30 il torpaqlarını işğal altında saxlayan Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək, düşmən ölkənin işğalçılıq siyasətinə son qoymaq səyləri heç bir nəticə vermədi. Havadarları haqqı, ədaləti danaraq, erməniləri ədavətə sövq etdilər. Çünki iki ölkə arasında münasibətlərin normallaşması onlara sərf etmirdi, yaxşı bilirdilər ki, illər boyu daşıdıqları sərvətlərin yolu bağlanacaq. Buna görə də Ermənistan-Azərbaycan münaqişəsi uzun illər danışıqlar masasında öz həllini tapmadı.

2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə öz ərazilərində əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusunun bölmələri dünya hərb tarixində yeni səhifə açdı. 44 günlük müharibənin hər anı, hər dəqiqəsi şanlı Zəfərimizi yaxınlaşdırdı. Hərbi əməliyyatlar zamanı bir addım belə geri çəkilməyən igid oğullarımız torpaqlarımızı qarış-qarış azad edərək işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Düşməni döyüş meydanında, havadarlarını siyasi müstəvidə məğlubiyyətə uğradan Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində ərazi bütövlüyünü təmin etdi. Lakin İkinci Qarabağ müharibəsinə son nöqtəni qoyan 10 noyabr Bəyanatını imzalayarkən üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıran Ermənistan müharibədən ötən 3 il ərzində qanunsuz silahlı birləşmələrini ölkəmizin ərazilərindən nəinki çıxarmadı, mütəmadi olaraq təxribatlara davam etdilər. Havadarlarına güvənərək Azərbaycanın üçtərəfli Bəyanatın müddəalarına əməl etməli olduğu barədə xəbərdarlıqlarına məhəl qoymadı. Laçın yolundan öz çirkin hərbi-siyasi niyyətləri üçün istifadə edir, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda qanunsuz məskunlaşmış separatçıları ərazilərimizdən çıxarmır, əksinə onların silahlandırılması üçün Laçın yolu ilə silah-sursat daşınır, yeraltı-yerüstü sərvətlərimiz Ermənistana aparılırdı.   

Ötən il aprelin 23-də Azərbaycan Həkəri çayının üzərində Laçın dövlət sərhədində buraxılış məntəqəsi yaratmaqla ermənilərin 30 il boyunca təbii sərvətlərimizin qanunsuz istismarına son qoydu, eyni zamanda ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bundan sonra qarşı tərəf guya Azərbaycanın Qarabağda yaşayan erməniləri "blokada"ya salması barədə yalanlar uydurdu və bu iftiraya dünya ictimaiyyətini inandırmağa çalışdı. Ermənistanın arxasında dayanan, onun uydurmalarına həqiqət donu geyindirən bəzi Avropa dövlətləri ölkəmizə qarşı təzyiqlər göstərməyə, hədə-qorxu gəlməyə başladılar. Lakin dövlət başçımız müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində erməni lobbisinə xidmət edənlərə layiqli cavab verdi və qətiyyətlə bildirdi ki, Azərbaycanla heç kim təhdid dilində danışa bilməz. Laçın yolunda hərəkəti məhdudlaşdırmaq deyil, əksinə təxribatlara son qoymaq məqsədilə yaradılan keçid məntəqəsinin aradan qaldırılması üçün bütün cəhdlərin qarşısı alındı. 2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində təmin etdiyi ərazi bütövlüyü tamamlandı. 5 ay sonra isə düşmən ölkənin səngiməyən təxribatlarına, regionda sülhü təhdid edən əməllərinə qarşı sentyabr ayının 19-20-də antiterror tədbirləri həyata keçirildi. Yüksək peşəkarlıq və mükəmməl plan əsasında cəmi bir günə separatçıların hərbi mövqeləri, silahları, texnikaları məhv edildi. Qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim oldu. 23 saatlıq antiterror tədbirlərini uğurla həyata keçirən Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi.

Azərbaycanın gücünə, qüdrətinə istər hərb meydanında, istər diplomatiya müstəvisində yaxşı bələd olan ermənipərəst qərb dövlətləri Ermənistanı boş vədlərinə inandırmaqdan, onu "cəsarətləndirməkdən" bu gün də əl çəkmir. Müstəqil siyasəti olmayan Ermənistanı haqqa-ədalətə deyil, ədavətə sövq etmək isə Qərbin Cənubi Qafqazda yerləşmək planının ana xəttidir.

Mehparə ƏLİYEVA,

"Respublika".