LATVİYA
Digər xəbərlər

LATVİYA

Qərb və Şərq mədəniyyətlərinin kəsişməsində yerləşən Latviya Respublikası Baltikyanı ölkələrin ürəyi hesab olunur. Şimalda Estoniya, cənubda  Litva, şərqdə Rusiya, cənub-şərqdə Belarusla həmsərhəd olan Latviya Avropanın ən yaşıl ölkələrindən biri hesab edilir. Əsasən düz relyefə malik olan ölkənin ərazisinin 54 faizini meşələr təşkil edir. Baltik sahillərinə çıxışı olan dəniz ölkəsinin paytaxtı Riqa şəhəridir. 19 noyabr 1918-ci ildə müstəqilliyini elan edən ölkənin ümumi ərazisi 64 589 kvadratkilometrdir. Latviyada rəsmi dil latış dilidir. Hind-Avropa dil ailəsinə aid latış dilində dörd dialekt var: livon, latgal, Orta Latviya və Yuxarı Latviya. Bu ölkənin iqlimi soyuq və sərt keçən qış ayları, davamlı yağışları ilə xarakterizə olunur.

Latviya ərazisində torf, əhəngdaşı və dolomit yataqları var. Burada, həmçinin kəhrəbaya da rast gəlinir. Limbazhsky rayonu ərazisində təxminən 700 metr dərinlikdə dəmir filizləri, Kuldiqada isə 1965-ci ildə neft yatağı kəşf edilib. Tikinti materialı kimi istifadə olunan gips, kvars və şüşə qumları, müxtəlif gillər və qum-çınqıl birləşmələri də mövcuddur. Kemeri və Baldone şəhərləri isə mineral bulaqlarla zəngindir, bu səbəbdən də ölkədə çox sayda sanatoriyalar fəaliyyət göstərir.

Latviya ərazisindən 700-dən çox irili-xırdalı çay axır, onların hamısı Baltik dənizi hövzəsinə aiddir. Ölkənin ən böyük çayı Dauqavanın ümumi uzunluğu 1020 kilometrdir. Digər böyük çayları sırasında Gauja, Lielupe və Ventanı da misal göstərmək olar. Yaz yağışları və ya qarın əriməsi nəticəsində ölkədə daşqınlar baş verir. Sahəsi 1 hektardan çox olan 3 mindən artıq göl var ki, əksəriyyəti də buzlaq mənşəlidir. Onlar ölkə ərazisinin təxminən 1,5 faizini təşkil edir və balıqçılıq üçün istifadə olunur. Ən böyük göllər Lubans, Razna, Burtnieks, Usma və Liepajas, ən dərin gölü isə Dridzisdir.

Latviyalılar asudə vaxtlarını təbiətin qoynunda keçirməyi, sağlam həyat tərzi sürməyi, gəzintiyə çıxmağı xoşlayırlar. Latışların əsas məşğuliyyəti kənd təsərrüfatı (çovdar, buğda, arpa, yulaf, qarabaşaq yarması, çətənə, paxlalılar, kartof, Latqaledə - kətan), heyvandarlıq (mal-qara, qoyun, donuz, atlar) və balıqçılıqdır. Latviyada 4000 göbələk növü məlumdur.

Latviya musiqisi uzun illər alman mədəniyyətinin güclü təsiri altında qalmış və yalnız XIX əsrin sonlarında milli məktəb formalaşmağa başlamışdır. Eyni zamanda ölkənin xalq musiqi ənənələri böyük tarixə və zəngin irsə malikdir. Ən qədim və məşhur musiqi növü "dayn" adlı xalq mahnılarıdır. Qədim dövrlərdən bəri nəğmələr latış xalqının həyatında böyük rol oynadığı üçün Avropanın ən çox oxuyan ölkələrindən biri hesab edilir.

Latviyanın milli mətbəxi bir neçə əsr ərzində formalaşıb. Baltikyanı ölkənin mətbəxində daha çox balıq, ət, un, hər növ taxıl və süd məhsullarından istifadə olunur. Ənənəvi yeməklər - dənli bitkilərdən (putra) və tərəvəzlərdən (kaposti) güveç, sıyıq, noxuddan və ya lobyadan hazırlanmış köftələr, bayramlarda - donuz pirojnaları, peçenye, ət yeməklərindən ibarətdir. Məşhur içki növləri isə çovdar unundan, arpadan hazırlanan pivədir. Ənənəvi Latviya mətbəxində evdə hazırlanan pendirlər xüsusi yer tutur. Milli xörəklərin hazırlanmasında tez-tez kartof və kəsmik qarışığından istifadə olunur.

Latışların milli qadın kostyumu uzun tunik formalı köynək, zolaqlı və ya dama-dama ətək və "villayne" adlı qısa pencəkdir. Baş geyimi isə metal və ya muncuqlarla işlənmiş çələnglərdən ibarətdir. Kişi geyimləri daha monotondur, kaftan (ağ, boz və ya mavi), şalvar (kaftan və ya plaid ilə eyni rəngdə), köynək, kəmər, şərf, papaq, əlcəkdən ibarətdir. "Ratene" adlı boz papaqdan isə daha çox bayramlarda istifadə edilir.

Baltikyanı respublikalarla əlaqələrə xüsusi önəm verən Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri də Latviyadır. Azərbaycanın müstəqillikdən əvvəl də Latviya ilə əlaqələri olub. Hələ SSRİ dövründən müttəfiq respublika olan Latviya-Azərbaycan dostluğu müstəqillik əldə etdikdən sonra daha da inkişaf etmişdir. Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyan Latviya Respublikası ölkəmizlə diplomatik münasibətləri 1994-cü il yanvarın 11-də qurub.

İki ölkə arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşımışdır. Latviya ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm verən ulu öndər Heydər Əliyev 1997-ci il iyulun 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında iştirak etdiyi zaman Latviyanın sabiq prezidenti G.Ulmanis ilə görüşmüş və iki ölkə arasında əlaqələrin perspektivlərini müzakirə etmişdir. Ümummilli lider 10 sentyabr 1999-cu ildə Yaltada "Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz" mövzusunda beynəlxalq konfransda iştirakı çərçivəsində Latviyanın keçmiş prezidenti V.Vike-Freyberqa ilə də görüşmüşdür. 2001-ci ildə Latviyanın xarici işlər naziri ölkəmizdə səfərdə olarkən Heydər Əliyev onunla görüşündə demişdir: "Azərbaycanın Avropa Şurasına qəbul olunması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm. İş belə gətirdi ki, bizi Avropa Şurasına artıq Latviyanın sədrliyi dövründə qəbul etdilər. Vurğulamaq xoşdur ki, bizim birgə səylərimiz bu cür nəticələndi. Siz həmin vaxt Avropa Şurasında sədrlik edirdiniz və orada yaxşı nitq söylədiniz. Gördüyünüz kimi, biz bir-birimizə çox sıx yaxınlaşdıq".

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verən dövlət başçımız İlham Əliyev 2005-ci il oktyabrın 3-4-də ölkəmizdə səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşü zamanı iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. Beynəlxalq və regional təhlükəsizliyin, sülh və sabitliyin bərqərar olmasında maraqlı dövlətlər kimi çıxış edən Latviyanın Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğu vurğulanmışdır. Ölkə başçımız Azərbaycanla Latviya arasında ikitərəfli və regional məsələlərin, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin böyük əhəmiyyət daşıdığını da bildirmişdir. Həmin səfər çərçivəsində "iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq", "sərmayələrin təşviqi və qarşılıqlı qorunması", "terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq", "gömrük məsələləri üzrə qarşılıqlı yardım", "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Latviya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq" haqqında sazişlər imzalanmışdır. Bununla yanaşı, "gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Birgə Bəyannamə" də imzalanmışdır.

2006-cı il oktyabrın 3-5-də Latviyada rəsmi səfərdə olan İlham Əliyevin Vayra Vike-Freyberqa ilə təkbətək görüşü olmuşdur. İki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanan görüşdə beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, Avratlantik strukturlara inteqrasiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri də müzakirə edilmişdir.

Latviyanın keçmiş prezidenti Valdis Zatlers 2009-cu ildə ölkəmizdə səfərdə olan zaman iki ölkə arasında Birgə Bəyannamə, Anlaşma Memorandumu və bir neçə saziş imzalanmışdır. Səfər zamanı Latviya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilən Valdis Zatlers iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafındakı müstəsna xidmətlərinə görə Prezident İlham Əliyevə "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsini təqdim etmişdir.

16-18 iyul 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamə imzalanmışdır. Latviyanın keçmiş prezidenti Raymonds Veyonislə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirmişdir. R.Veyonis Latviyanın Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq "Şimal-Cənub nəqliyyat dəhlizi" layihəsi çərçivəsində əməkdaşlığının gücləndirilməsi niyyətində olduğunu da vurğulamışdır. Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulayan Latviyanın dövlət başçısı Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirmişdir.

 İki ölkənin yüksək rəsmi şəxsləri arasında qarşılıqlı səfərlər əsasında keçirilən çoxsaylı görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Latviya əlaqələrinin yüksək inkişaf dinamikasından xəbər verir. Son illər Azərbaycan nəzərdə tutduğu layihələri genişləndirməklə Baltikyanı ölkələr arasında yerüstü nəqliyyatın və hava nəqliyyatı vasitəsilə əlaqələrin artırılmasına istiqamətləndirmişdir. Azərbaycan və Latviya informasiya texnologiyaları sahəsində tədqiqat işlərinə başlamışdır. Həm regional təşkilatlar, həm də Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün əhəmiyyətli rol oynayır. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir.

Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanın geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Avratlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan Latviya ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında Saziş, habelə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya bu sahədə əməkdaşlığı genişləndirmək üçün münasib hüquqi baza kimi çıxış edir.

Azərbaycan-Latviya mədəni əlaqələrinə gəlincə, 2007-ci il yanvarın 31-də Riqada "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Saziş" və "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Latviya Akademik kitabxanası dövlət agentliyi arasında əməkdaşlıq haqqında Saziş"in imzalanması önəmli hadisələrdən olmuşdur. İki ölkə arasında mədəni əlaqələrin inkişafında Latviyadakı Azərbaycan diasporunun fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbinin açılışı isə 2007-ci il may ayının 30-da baş tutmuşdur.

Siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələr olan Azərbaycanla Latviya bir-birini daim dəstəkləyir. Qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənən Azərbaycan-Latviya münasibətləri bundan sonra da yüksək xətlə inkişaf edəcək.

 Arzu ASİFQIZI,

"Respublika".